Xəzər Xəbər

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” - VİDEO

Veb TV | 17:04 • 9 İyul 2019
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” -

Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istismarına icazə verilən binalarda yerləşən mənzillərin çıxarışla təmin olunması ilə bağlı işlərin daha intensiv keçirilməsinə başlayıb.


Komitədən xezerxeber.az-a bildirilib ki, iyulun 9-dan etibarən "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda mobil qeydiyyat xidməti göstəriləcək, ilkin sənədlər toplanacaq. Bu səyyar xidmət iyulun 9-dan 12-dək Nizami, iyulun 15-19-da Sabunçu, Suraxanı, Xətai, Binəqədi, 22-dən 26-na kimi isə Yasamal və Səbail rayonlarında olacaq.


Fərmanla bağlı qeydiyyat xidmətlərinin ünvanlarda göstərilməsi vətəndaş məmnunluğunu təmin edir, vətəndaş-məmur ünsiyyətini azaldır, o cümlədən leqal əmlakların sayını artırır, sakinlərin vaxt itirmədən rahatlıqla əmlaklarını rəsmi qeydiyyata almasına imkan yaradır. Bu fərmanla vətəndaşların mənzil şəraiti yaxşılaşdırılır, sosiallıq prinsipi təmin edilir, insan amili gücləndirilir.


Kampaniya çərçivəsində ilk olaraq Bakının Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 192 mənzilli yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplanıb. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim ediblər.


Sakinlərin telefon nömrələrinə çıxarışın alınması üçün tələb olunan xidmət haqqı və dövlət rüsumu, eləcə də prosesin icra müddəti barədə məlumat gəlir. Həmçinin vətəndaşın özü də 9193 nömrəsinə müraciətin nömrəsini göndərməklə onlayn rejimdə bu haqqında məlumat əldə edir. Bundan başqa, "Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləği onlayn qaydada öyrənilə bilər.


Bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətəndaşlara bildirilib ki, mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin "Elektron hökumət” portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib. Vətəndaşların çıxarışları onların istəyinə uyğun olaraq 1, 3, 7 və 10 iş günü ərzində hazırlanır.


Bakı, Gəncə şəhərləri və Abşeron rayonu üzrə istismarına icazə verilən 11 min mənzilli 59 MTK-nın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Bunlardan 1-i Gəncədə, 1-i Abşeronda, qalanları isə Bakının Nəsimi, Nizami, Yasamal, Nərimanov və digər rayonlarında yerləşir. Həmin binalarda yerləşən 2 mindən çox mənzilin çıxarışı hazırlanıb, 4 mindən artıq sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.


Digər istismarına icazə verilən binalarda yerləşən mənzillərə dair çıxarışların verilmə prosesi davam etdiriləcək.





Xəbər lenti