Xəzər Xəbər

Coğrafiya fənninə lazımi diqqət ayrılmır VİDEO

Veb TV | 19:26 • 9 Aprel 2019
Coğrafiya fənninə lazımi diqqət ayrılmır

Milli Elmlər Akademiyasının coğrafiya institutunun şöbə müdiri Nəriman Paşayev hesab edir ki, Azərbaycanın imtahan sistemində coğrafiya fənninə lazımi diqqət ayrılmır. O deyir ki, bu fənnin yalnız II qrupun qəbul imtahanına salınması digər qrupların abituriyentlərinin bu fənnə marağını azaldır. Məsələyə Dövlət İmtahan Mərkəzinin də münasibətini öyrənmişik.

Söhbət coğrafiya fənnindən gedir. Xüsusilə də ali məktəblərə qəbul imtahanlarında bu fənnin yalnız II qrupda saxlanılması şagird və abituriyentlərin coğrafiya fənninə maraqlarını azaldır.

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" şöbəsinin müdiri Nəriman Paşayev də mövcud durumdan narahatdır. O deyir ki, bu tendensiya şagirdlərin coğrafi biliklərinin zəifləməsinə səbəb olur. Nəriman Paşayevin fikrincə, bu fənn hər bir uşağın dünyagörüşünün formalaşmasında böyük əhəmiyyətə malikdir. Ona görə də coğrafiya fənni də tarix, riyaziyyat və digər fənnlər kimi öyrənilməlidir.

Nəriman Paşayev deyir ki, əslində coğrafiya həm II, həm də III qrupda əsas fənnlərdən olmalıdır. Bununla belə, o, hesab edir ki, bu fənn orta məktəblərlə yanaşı, ali məktəblərin bütün fakültələrində də tədris olunmalıdır.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzin sektor müdiri Xanlar Xanlarzadə bildirildi ki, imtahanın məzmunu ilə bağlı məsələ elmi müstəvidə müzakirə olunur. Onun sözlərinə görə, hər tədris ilinin əvvəlində müvafiq fənn üzrə ekspert və müəllimlərin istirakı ilə elmi-metodiki seminarlar təşkil edilir. Hər bir şəxs bu seminara qatılıb, öz fikrini səsləndirə və mövqeyini əsaslandıra bilər. Qərar elmi metodiki seminarlarda mütəxəssislərin iştiraki ilə müzakirələrin sonunda verilir və bununla da imtahanın məzmunu formalaşdırılır.

Xəbər lenti