Xəzər Xəbər

Milli Məclisin plenar iclası keçirilib - Hansı məsələlər müzakirə olunub? - VİDEO

Veb TV | 20:10 • 19 Fevral 2019
Milli Məclisin plenar iclası keçirilib -

Dövlətin sosial sahədə apardığı islahatları müxalifətin 19 yanvar mitinqinin nəticəsi kimi qələmə verməsi naşılığın və düşüncəsizliyin göstəricisidir. Bu cür açıqlamalarla radikallar bir daha iqtidara yox, dövlətə müxalif olduqlarını göstərirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Milli Məclisin plenar iclasında səsləndirilib.

İclasda ümumilikdə 27 məsələ müzakirəyə çıxarılıb. Bu məsələlər sırasında minimum pensiya həddinin qaldırılması və ''Ümumi təhsil haqqında'' qanun layihəsi xüsusi ilə diqqəti cəlb edib.

''Əmək pensiyaları haqqında'' qanunda dəyişikilik edilməsi ilə bağlı layihənin müzakirəsi zamanı millət vəkilləri son dövrlərdə dövlət başçısı tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması ilə bağlı atılan addımları yüksək qiymətləndiriblər.

Millət vəkili Siyavuş Novruzov aparılan islahatların yanvarın 19-da müxalifətin keçirdiyi mitinqlə əlaqələndirilməsini kəskin tənqid edib. Millət vəkili sosial şəbəkələrdə vətəndaşların antimilli ünsürlər tərəfindən mitinqə çağırışlarını ucuz addım adlandırıb.

Siyavuş Novruzovun sözlərinə görə, həyata keçirilən tədbirlər düşünülmüş siyasətin nəticəsidir.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, indiki müxalifət hakimiyyətin uğurlu siyasətini qısqanclıqla qarşılayır. Onun sözlərinə görə, müxalifət yalnız demaqogiya ilə məşğuldur.

Millət vəkilləri minimum pensiya məbləğinin 160 manata çatdırılması ilə bağlı dəyişikliyi yekdilliklə qəbul ediblər.

Plenar iclasda ''Ümumi təhsil haqqında'' qanun layihəsi də geniş müzakirələrə səbəb olub. Qanun layihəsinə əsasən ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Sənəddə qeyd edilir ki, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

Layihədə göstərilir ki, ümumi təhsili xüsusi nailiyyətlərlə basa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Müzakirələr zamanı bildirilib ki, indiyə qədər təhsilini başa vurmayan şəxslər sənəd ala bilmirdilər, lakin yeni qanun layihəsinə əsasən, həmin şəxslərə hansi sinfə qədər təhsil aldığı barədə sənəd veriləcək. Yeniliklərdən biri də odur ki, orta təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad ediləcək. Belə ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalniz müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

Çıxış edən millət vəkili Tahir Mirkişili orta məktəblərdə şagirdlərin sosiallaşmasının aşağı səviyyədə olduğunu vurğulayıb.

Daha sonra iclasda digər qanun layihələri mzüakirəyə çıxarılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti