Xəzər Xəbər

Prezident məktəblərdə yaradılan şəraitlə tanış oldu VİDEO

Veb TV | 20:56 • 12 Sentyabr 2018
Prezident məktəblərdə yaradılan şəraitlə tanış oldu

Prezident İlham Əliyev bu gün paytaxtın Nizami və Nəsimi rayonlarında müvafiq olaraq 227 və 8 saylı orta məktəb, eləcə də səbail rayonunda 2 nömrəli texniki-humanitar liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına görülən işlər haqqında ətraflı məlumat verilib

Prezident İlham Əliyev ilk olaraq Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bünövrəsi 1937-ci ildə qoyulan məktəbin əsas korpusu II Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilib və istifadəyə verilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Dövlət başçısı daha sonra Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.1900-cü ildə inşa edilən məktəbdə əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Təmir işlərinə bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində həyata keçirilib. Bildirilib ki, məktəbin 3 mərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. 780 şagirdin təhsil aldığı məktəbdə yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Prezident İlham Əliyev həmçinin Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub. Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə "Rus-müsəlman" məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Lisey müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, rayonda bir yeni məktəb və uşaq bağçası inşa olunub, iki orta məktəb və bir musiqi məktəbinin binası sökülərək yenidən tikilib, 5 orta məktəb üçün əlavə tədris korpusları inşa edilib. Ümumilikdə, digər orta və məktəbəqədər təhsil müəssisələrində də əsaslı təmir işləri aparılıb.

Xəbər lenti