Xəzər Xəbər

Cəlilabad sakini qeyri-adi musiqi alətləri hazırlayır - O, bununla dünyaya sülh mesajı verir - VİDEO

Veb TV | 20:05 • 6 Avqust 2018
Cəlilabad sakini qeyri-adi musiqi alətləri hazırlayır -

Cəlilabad sakininin düzəltdiyi musiqi alətləri görənlərin marağına səbəb olur. O, alətləri silah və hərbi texnika formasında hazırlayıb. Usta bu üsulla insanları müharibəyə yox, sülhə çağırdığını deyir.

Xezerxeber.az-ın məlumatına görə, qeyri-adi görünüşə malik musiqi alətlərini Cəlilabadın Hacıcavad kənd sakini Adil Əmirov hazırlayır. Uzun illər musiqi alətləri düzəltməklə məşğul olan usta sonradan onlara fərqli tərtibat vermək fikrinə düşüb. Musiqi alətlərini silah və hərbi texnika formasında hazırlamaqla isə dünyaya mesaj vermək, insanları sülhə çağırmaq istədiyini bildirir.

Adil Əmirovun düzəltdiyi kamanın ön hissəsi qırıcı təyyarəni, arxa hissəsi isə raketi xatırladır. Digər simli müsiqi alətinin bir hissəsi qumbara, simləri tənzimləyən başlığı isə tapança formasındadır. Sənətkar qavalın hazırlanmasında isə gilizlərindən istifadə edib.

Adil Əmirovun sözlərinə görə, alətlərə verdiyi yeni formalar ifa zamanı səslərin daha da dolğun çıxmasına imkan yaradır.

Adil Əmirov yeni forma verdiyi musiqi alətlərini bir neçə dəfə sərgilərdə nümayiş etdirib. Onun hazırladığı fərqli görkəmli musiqi alətləri həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edib. Hətta həmin alətləri satın alaraq xarici ölkələrə aparanlar da olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti