Xəzər Xəbər

Taksi xidmətinin keyfiyyəti artırılacaq VİDEO

Veb TV | 21:02 • 10 İyul 2018
Taksi xidmətinin keyfiyyəti artırılacaq

Rayonlarda taksi sürücülərinin reytinqi hazırlanacaq. Daha yaxşı xidmət göstərən sürücüləri elə sərnişinlər özləri qiymətləndirəcək. Bu da bölgələrdə taksi xidmətinin keyfiyyətini yüksəldəcək. Dövlət avtomobil nəqliyyatı xidməti bütün bu yenilikləri özündə əks etdirən təkliflər paketi hazırlayıb.

Bölgələrdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin əksəriyyəti standartlara cavab vermir. Bunu nəzərə alan Dövlət Avtomobil Nəqliyyatı Xidməti təkliflər paketi hazırlayıb. Təkliflər paketində taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların aradan qaldırılması da əsas hədəf kimi götürülüb.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə sərnişin daşıyan sürücülərə də xəbərdarlıq edib. Qurumun sözçüsü Nuridə Allahyarova bildirib ki, həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə bu avtomobillərlə sərnişin daşınması tam qanunsuzdur. Belə avtomobillər yalnız xüsusi müqavilə əsasında sərnişin daşıya bilərlər

 Nuridə Allahyarova bildirir ki, belə avtomobillərlə qeyri-qanuni sərnişindaşımanın qarşısını almaq üçün tədbirlər görülür. Əgər belə daşıyıcı şirkətlər aşkarlanarsa, həmin şirkətlər barədə dövlət yol polisinə məlumat veriləcək. Eyni zamanda beynəlxalq istiqamətlər üzrə belə fəaliyyətlə məşğul olanlar barədə isə tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb və onlara bu avtomobillərin həmin ölkələrə buraxılmaması tövsiyyə edilib.

Xəbər lenti