Xəzər Xəbər

Türkiyə havadan müdafiəni gücləndirir

Texnologiya | 13:29 • 17 Dekabr 2020
 Türkiyə havadan müdafiəni gücləndirir
Türkiyə hava hücumundan müdafiə sistemlərini sürətlə inkişaf etdirməkdədir. 


Xezerxeber.az xəbər verir ki, ASELSAN və ROKETSAN tərəfindən birgə inkişaf etdirilən ilk milli hava hücumundan müdafiə sistemi olan "HİSAR-A” artıq Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Bu günlərdə "HİSAR-A”nın mütəmadi istehsalına başlanılıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. Ərdoğan bu günlərdə xalqına verdiyi şad xəbərdə onu da əlavə edib ki, Türkiyədə müvafiq qurumlar müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaqlar. ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən danışan Prezident Ərdoğan ölkəsinin milli müdafiə sisteminin daha da gücləndiriləcəyini vurğulayıb. 

  

                               "HİSAR-U”nun yaradılmasına başlanılıb


Qeyd edək ki, "HİSAR-A” zenit-raket kompleksinin atış mənzili minimum 2 km, maksimum 16 km-dir. 


Onu da bildirək ki, Türkiyə ordusunun arsenalında orta yüksəklikdə hava hücumundan müdafiə üçün nəzərdə tutulan "HİSAR-O” zenit-raket kompleksi də mövcuddur. "HİSAR-O” raketinin atış mənzili 3 km-dən 25+ km təşkil edir.


Türkiyənin yerli hava hücumundan müdafiə sistemləri bunlarla kifayətlənmir. Hazırda Türkiyədə "HİSAR-U” zenit-raket kompleksinin hazırlanması istiqamətində işlər gedir. 


 "Hisar-U”nun atış uzaqlığı isə 30 km-dən 150+ km nəzərdə tutulur. 


                             Ərdoğanın açıqlaması bütün dünyaya bir mesaj oldu


Təqaüddə olan polkovnik Ünal Atabay yerli mediaya açıqlamasında deyib ki, "HİSAR-A”nın silahlanmaya daxil olmağa hazır olması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması bütün dünyaya bir mesaj oldu. 


O deyib ki, "HİSAR-A” və "HİSAR-O” zenit-raket komplekslərindən sonra "HİSAR-U”nun yaradılmasına başlanılıb. Amma bu sistemin tam hazır olması üçün bir müddət vaxt lazımdır. Odur ki, Türkiyə "HİSAR-U”nun istismarına kimi "S-400" və "Patriot" kimi hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur.  


                                     Türkiyə bu sınaqdan güclənərək çıxacaq


ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyasından danışan Ünal Atabay bunun uzun çəkməyəcəyini söyləyib. Əvvəllər də Türkiyəyə qarşı sanksiyaların tətbiq olunduğunu xatırladan hərbçi-mütəxəssis ölkəsinin bu sınaqdan güclənərək çıxdığını söyləyib. O, yeni sanksiyaların Türkiyəni yerli məhsul istehsalından çəkindirmək xarakteri daşıdığını deyib. Amma Türkiyə yerli məhsul istehsalını qətiyyətlə davam etdirməkdə israrlıdır və heç bir təzyiq bu ölkəni yolundan döndərə bilməz. 


Atif

Xəbər lenti