Xəzər Xəbər

Orqanizmdə dəmir artıqlığı manqanın mənimsənilməsini zəiflədir

Maraqlı | 17:51 • 24 Aprel 2017
Orqanizmdə dəmir artıqlığı manqanın mənimsənilməsini zəiflədir

Manqan VII qrup dörd dövr elementidir. İnsan orqanizmində 10-30 qram manqan var. O, əsasən mədəaltı vəzidə, qaraciyərdə, böyrəklərdə, hipofizdə və sümüklərdə cəmlənir.


Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova bildirib.


Həkim deyib: "Manqanın orqanizmdə müxtəlif funksiyaları var. Misal üçün bu element sink və mislə birlikdə antioksidant funksiyasını yerinə yetirir. Bundan əlavə mərkəzi sinir sisteminin işinə müsbət təsir göstərir, immunitetə cavab verir, orqanizmi infeksiyalardan qoruyur, sümük toxumasının formalaşmasına təsir göstərir, amin turşularını parçalayır və s. Manqan müxtəlif metabolik proseslərdə iştirak edir, çoxlu metalofermentlərin tərkibində mövcuddur və bu fermentlərin aktivatorudur. Bu elementin mərkəzi sinir sistemində rolu membranların normal struktur və stabilliyini təmin etməkdir.


Manqanın məsləhət görülən sutkalıq dozası kişilər üçün 6, qadınlar üçün isə 2,5-5 milliqramdır.


Orqanizmdə bu elementin çatışmazlığı sümük və qığırdaq toxumasının formalaşmasının pozulması, iştahanın azalması, çəki itirilməsi, şəkərli diabet, diz oynaqlarının displaziyası, yumurtalıqların atrofiyası, qanda xolesterin miqdarının azalması, dermatit, saçın rənginin dəyişməsi, saç və dırnaqların inkişafında zəifləmələr və sairə kimi mənfi fəsadlarla müşahidə oluna bilər. Onu da qeyd edim ki, orqanizmdə dəmir artıqlığı manqanın mənimsənilməsini zəiflədir.


Təbii manqan mənbələri olaraq fındıq, püstə, badam, yunan qozu, ispanaq, sarımsaq, çuğundur, mal və quş qaraciyərləri, ağ göbələk və əriyi misal çəkmək olar.


Orqanizmdə manqan artıqlığı Parkinson xəstəliyi, psixi pozuntular, əzələlərdə ağrılar, iştahanın azalması, yuxululuq kimi bir sıra formalarda özünü büruzə verə bilər”.

Xəbər lenti