Xəzər Xəbər

Qazın bahalaşması gəlirimizi artırır: bu il “Şahdəniz” 2 milyard dollar qazandıra bilər

İqtisadiyyat | 15:17 • 8 Avqust 2022
Qazın bahalaşması gəlirimizi artırır: bu il “Şahdəniz” 2 milyard dollar qazandıra bilər

“Bu il Azərbaycan “Şahdəniz”dən iki milyard mənfəət əldə edə bilər”.

XəzərXəbər xəbər verir ki, bunu “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

İ.Şaban Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) məlumatına istinadən bildirir ki, bu ilin yanvar-iyul aylarında “Şahdəniz” layihəsi çərçivəsində dövlətin payına düşən mənfəət 1 milyard 72 milyon dolları təşkil edib. Bu məbləğ ötən ilin müvafiq dövrlə müqayisədə 15,1 dəfə çoxdur.

İ.Şaban gəlirin artmasını qazın qiyməti ilə əlaqələndirdi: “ARDNF-in məlumatına görə, “Şahdəniz” layihəsindən əldə olunan gəlirin 252 milyon 725 min dolları kondensat satışından, 819 milyon 275 min dolları isə təbii qazın satışından əldə edilib.

2021-ci ilin yekununa görə, Azərbaycan dövlətinə “Şahdəniz” layihəsindən ümumilikdə 884 milyon 793 min dollar mənfəət daxil olmuşdu.

İndi bu ilin yeddi ayı ərzində Azərbaycanın mənfəəti “Şahdəniz”dən əldə olunan ötənilki gəlirləri 21,16% üstələyib. Dünya bazarlarında qazın qiymətindən asılı olaraq, bu il Azərbaycan “Şahdəniz”dən ikinci milyard mənfəətini əldə edə bilər.

Azərbaycanın qaz gəlirlərinin artması çox vacibdir, çünki şirkətlər “Şahdəniz-2” layihəsinin işlənməsinə əsaslı məsrəflərə təqribən 24 milyard dollar sərmayə qoyub və satış bazarlarında qazın qiyməti nə qədər yüksək olsa, Azərbaycan öz xərclərini bir o qədər tez qaytaracaq”.

Xəbər lenti