Xəzər Xəbər

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi YENİLƏNİB

İqtisadiyyat | 15:53 • 30 Aprel 2021
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25 faiz, dəhlizin aşağı həddi 5.75 faiz, yuxarı həddi isə 6.75 faiz səviyyəsində saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək əhəmiyyətli dəyişikliklər baş verməyib. İnflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi amillərdən təsirlənir. Əlverişli xarici mühit fonunda valyuta bazarında tarazlıq xərc amillərinin təsirlərini balanslaşdırır. Bərpa prosesində olan məcmu tələbin təklifi üstələməklə inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Son aylarda inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar ilin sonuna inflyasiyanın hədəf daxilində qalacağını göstərir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və gözlənilən səviyyəsinin hədəfə nəzərən qiymətləndirilməsi, məcmu tələbin bərpası tempi, xarici və daxili risklərin dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Mərkəzi Bankın sədri qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya tempi aşağı düşüb və hədəf çərçivəsinin mərkəzinə yaxın səviyyədə formalaşıb. Rəsmi statistikaya görə mart ayında 12 aylıq inflyasiya 4.1 faiz təşkil edib, İnflyasiyanın dinamikası başlıca olaraq qeyri-monetar xarakterli faktorlardan təsirlənir. Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya cari ilin yanvar-mart aylarında 2,2 faiz təşkil edib. Son bir neçə ayda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Real sektor üzrə monitorinqə görə martda inflyasiya gözləntiləri qeyri-neft sənayesi, ticarət və tikintidə artıb, xidmət sektorunda isə azalıb. Ev təsərrüfatları arasında martda keçirilmiş sorğulara görə respondentlərin cəmisi 25 faizi inflyasiyanın yüksələcəyini gözləyir. Apreldə yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapozonunda formalaşacaq.

Xarici sektor

Diqqətə çatdırılıb ki, ötən iclasdan bəri xarici fon əsasən qiymət sabitliyinin əsas lövbərini dəstəkləmək istiqamətində dəyişib. Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə, 2021-ci ildə qlobal iqtisadi artım 6 faiz təşkil edəcək ki, bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir. Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir. Qlobal iqtisadi aktivliyin “OPEC++” razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələyib. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə, ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın olacaq. Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır. Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi inflyasiyaya artırıcı təsir göstərməkdədir. Dünya ərzaq qiymətləri martda 2.1 faiz, son 12 ayda isə 24.6 faiz yüksəlib.

Monetar şərait

Mərkəzi Bankın sədri deyib ki, monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət etməkdədir. Ötən iclasdan bəri pul bazarının müxtəlif seqmentləri üzrə nominal və real faizlərdə cüzi azalma müşahidə edilib. Əsasən vahid xəzinə hesabı qalığının artması ilə bağlı pul bazasının ilin əvvəlindən dəyişimi neqativ zonada qalmaqdadır. Bu şəraitdə iqtisadiyyatın likvidliyinin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmi azaldılıb. Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1.4 faiz, o cümlədən biznes kreditləri 1 faiz, ipoteka kreditləri 4.4 faiz, istehlak kreditləri 0.5 faiz artıb. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir. Valyuta bazarında sabitlik şəraitində həm depozit, həm də kreditlər üzrə dollarlaşmanın azalması davam edir. Bu da milli valyutaya inamın artdığını göstərir.

İqtisadi aktivlik

Bildirilib ki, məcmu tələbin tədricən bərpası iqtisadiyyatın məcmu buraxılış potensialını üstələmədiyindən hələ ki, inflyasiya təzyiqləri yaratmır. Ötən ildən başlanan antiböhran tədbirləri və beynəlxalq konyunkturun nisbətən yaxşılaşması iqtisadi aktivliyin tədricən bərpasında özünü göstərməkdədir. 2021-ci ilin I rübündə qeyri neft-qaz sektorunda 2.1 faiz iqtisadi artım olub. Beynəlxalq təşkilatlar və reytinq agentlikləri Azərbaycan üzrə iqtisadi aktivliyə dair proqnozlarını yaxşılaşdırmaq istiqamətində təshih ediblər. Alternativ statistika iqtisadi aktivliyin bərpasını təsdiqləyir. Real sektorun monitorinqinə görə martda biznes inam indeksi ticarət, xidmət sektorlarında və qeyri-neft sənayesində artım meyilli olub. Monitorinq tikintidə məşğulluğun yüksəlməyə meyilli olduğunu göstərir. Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Ev təsərrüfatları arasında sorğular istehlakçı inamı indeksinin zəif olduğunu göstərir.

 

Risklər balansı

Qeyd edilib ki, inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək daimi və əhəmiyyətli risklər müşahidə edilmir. Nisbətən əlverişli beynəlxalq konyunktur, tədiyə balansının yaxşılaşması meyilləri və kontrtsiklik makroiqtisadi çərçivə valyuta bazarında tarazlığı dəstəkləyir. Məcmu tələbin artımı hələ ki, təklifi üstələmədiyindən onun inflyasiya üzərində təsiri neytraldır. Artırıcı amillərə əsasən xərc amilləri aiddir. Dünya ərzaq bazarında bahalaşmanın davam etməsi, eləcə də digər xərc amilləri ilin qalan dövründə də qiymətlərə və inflyasiya gözləntilərinə artırıcı təsir göstərsə də risklər balansını əhəmiyyətli dəyişmək potensialına malik deyildir. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli proqnoz horizontunda risk balansının dəyişimi və onun təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar aprelin 30-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il iyunun 18-də ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti