Əhali iki ayda ərzağa 5,3 milyard xərcləyib
2018-ci ilin
yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış
məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli
qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən xəbərə görə, ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq
məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını
qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2017-ci
ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq
olaraq 1,8 faiz və 3,2 faiz üstələyib.
Hesabat dövründə
alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin
45,3 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün
məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil
yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6
faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci
ilin yanvar-fevral aylarında istehlak məhsullarının 13,6 faizi ticarət
müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 33,3 faizi isə
bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə
pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 18,9 faiz,
fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalar 0,1 faiz artıb.
Hesabat
dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət
dövriyyəsi 271,6 manat və ya 2017-ci ilin yanvar-fevral aylarının
göstəricisindən nominal ifadədə 17,6 manat çox olub. Ticarət şəbəkəsində
bir ölkə sakini orta hesabla hər ay 137,5 manatlıq ərzaq məhsulları,
içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları
alıb.