Xəzər Xəbər

Günün transfer xəbərləri: "Nyukasl" qapıçı problemini həll etdi

İdman | 12:59 • 20 May 2022
Günün transfer xəbərləri: "Nyukasl" qapıçı problemini həll etdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport ES" saytı: "Memfis Depayla "Arsenal", "Nyukasl" və "Everton" maraqlanır. "Topçular" "Barselona"nın danışıqlara hazır olub-olmadığını öyrənmək üçün onlara müraciət ünvanlayıb. İngiltərə klubunun baş məşqçisi Mikel Arteta Depaya Aleksandr Lyakazettin əvəzləyicisi gözüylə baxır".

 

AS nəşri: "Paulo Dibala "Tottenhem"də oynamaq fikrində deyil. O, Hotspur təmsilçisini kareyrasını davam etdirmək istədiyi klublar siyahısından çıxarıb. 28 yaşlı argentinalı futbolçunun "Yuventus"la olan müqaviləsinin müddəti bu yay başa çatır və o, fəal şəkildə yeni iş yeri axtarır".

"Manchester Evening News" saytı: "Mançester Yunayted"in ehtiyat qapıçısı Din Henderson "Nyukasl Yunayted"ə keçməyə yaxındır. Tərəflər birmövsümlük icarə müqaviləsi ilə bağlı danışıq aparır. "Sağsağanlar"ın qolkiperin transfer hüquqlarına yiyələnməsi də mümkündür. 25 yaşlı qapıçı şərtləri müzakirə etmək üçün dünən "Nyukasl" rəsmiləri ilə görüşüb".

"Bulinews" saytı: "Monako"nun sabiq baş məşqçisi Niko Kovaç "Volfsburq"un baş məşqçisi olmağa yaxındır. Artıq müqavilənin bütün şərtləri razılaşdırılıb".

"Sport ES" saytı: "Tottenhem" "Barselona"nın müdafiəçisi Kleman Lanqleni transfer etmək fikrindədir. "Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçunu öz planlarının bir hissəsi kimi görmür və bu səbəbdən yay transfer pəncərəsində onun klubdan ayrılmasını istəyir".

Baş tutmuş transfer xəbərləri: 

Konstantinos Mavropanos (24 yaşlı yunanıstanlı müdafiəçi)

"Arsenal"dan (İngiltərə) "Ştutqart" (Almaniya) klubuna keçib.
Transfer məbləği 3,2 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub./fanat.az

Xəbər lenti

Çox oxunanlar