Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından bu gün 25 il ötür.
XəzərXəbər-in
məlumatına görə, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun
yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi
abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341
Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr
ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və
itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti
müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət
abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan
sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən
erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından
rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu
deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma
keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran
düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin
əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni
paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə
bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl
işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli
geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına
ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.