Xəzər Xəbər

Türkdilli ölkələrin liderləri toplaşır: nələr müzakirə olunacaq?

Gündəm | 11:17 • 12 Noyabr 2021
Türkdilli ölkələrin liderləri toplaşır: nələr müzakirə olunacaq?

Bu gün İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcək. Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər.

XəzərXəbər xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar: "Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək".

V.Bayramov vurğulayıb ki, ötən Zirvə Görüşündə qədim Azərbaycan torpağı Zəngəzurun türk dünyasının birləşməsi rolunu oynayacağı xüsusi müzakirə olunmuşdu. Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra regiondakı düzən də dəyişib: "Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq.

Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar, Qırğızıstan isə 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək".

Xəbər lenti