Xəzər Xəbər

Ceyhun Bayramov: Sərhədlərin delimitasiya prosesi həyata keçirilməlidir

Gündəm | 14:20 • 30 Sentyabr 2021
Ceyhun Bayramov: Sərhədlərin delimitasiya prosesi həyata keçirilməlidir

Əlbəttə, otuz il ərzində Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməməsi, delimitasiya və demarkasiya prosesinin həyata keçirilməməsi normal hal hesab edilə bilməz. Bunun əsas və yeganə səbəbi torpaqlarımızın uzun illər ərzində işğal altında qalması idi.

Xezerxeber.az xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası beynəlxalq hüquq normaları əsasında öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistan ilə Azərbaycan arasında olan 400 kilometrə yaxın sərhədi də tam nəzarətə götürdü. “Hazırda sərhədlərin delimitasiya prosesi həyata keçirilməlidir. Bildiyiniz kimi, Azərbaycan bu məsələ ilə bağlı bir neçə dəfə təşəbbüslə çıxış edib. Ancaq Ermənistan tərəfi prosesi ləngidir və bu da lazımsız gərginliyə səbəb olur”, - deyə nazir vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan beynəlxalq hüquq normaları prizmasından çıxış edir, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutur. Hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında sabit və inkişafa yönəlmiş mühitin formalaşması üçün bu yanaşmanın alternativi yoxdur.

Xəbər lenti

Çox oxunanlar