Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Gündəm | 125 | 17:33 • 25 Yanvar 2021
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.


Qurumdan XəzərXəbər-ə bildirilib ki, Baş Prokurorluğun Kollegiya üzvləri əvvəlcə binanın birinci mərtəbəsində Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.


İclas başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, qazilərimizə şəfa dilənmişdir.


Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırmışdır ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər səlnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.


Qeyd edilmişdir ki, dövlət başçısının aparıcı ölkələrin televiziya kanallarına verdiyi müsahibələri Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası və beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyasi aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb etməklə informasiya cəbhəsində də qələbəmizi şərtləndirmişdir.


Döyüş meydanında qazanılmış qələbənin diplomatik müstəvidə davam etdirilməsi ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Zəfərin təntənəsi olaraq ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, həmin bölgələrdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə "Qarabağ Dirçəliş Fondu”nun yaradılması doğma torpaqlarımıza "Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilmişdir.


Xüsusi vurğulanmışdır ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin ailələri, müharibə əlilləri və onların ailə üzvləri ali dövlət qayğısı ilə əhatə olunmaqla maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT” fondunun yaradılması müstəsna əhəmiyyətə malik olmuşdur.


2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə və iqtisadi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və səriştəli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılmış, iqtisadi təhlükəsizliyin və əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılmış, regionda sabitliyə və dünyanın enerji təhlükəsizliyinə tövhə verəcək "Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropa ölkələrinə tədarükü ölkəmizin geostrateji mövqeyini daha da gücləndirmişdir.


Həyata keçirilən islahatların mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirildiyi, o cümlədən Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsinin əldə edilmiş uğurların bariz göstəricisi olması qeyd edilmişdir.


Bildirilmişdir ki, çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşdığı bir zamanda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə pandemiyanın fəsadları minimuma endirilməklə sosial cəhətdən həssas əhaliyə davamlı dəstək və iqtisadi dayanıqlılığ təmin edilmiş, həmçinin mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulması, virusun geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri tədbirlər görülmüşdür.


Ölkə Başçısının rəhbərliyi ilə görülən işlər, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyəti xalqımız tərəfindən daim dəstəklənmişdir.


Uğurla yola saldığımız ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirinin-fevral ayında azad, ədalətli və şəffaf parlament seçkilərinin keçirilməsini diqqətə çatdıran Baş prokuror xalqımızın özünü təsdiq etmiş iqtisadi və sosial kursun davam etməsinə ümummilli etimad və dəstəyini ifadə etdiyini qeyd etmişdir.


Xüsusi vurğulanmışdır ki, ölkəmizin həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, Prezident İlham Əliyevə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olaraq Qoşulmama Hərəkatının sədri statusunda təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın "Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin sammitinə dəvət olunması aparılan siyasi kursun alternativsizliyini bir daha nümayiş etdirmişdir.


Hesabat məruzəsində qeyd edilmişdir ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur.


Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi xüsusi vurğulanmaqla cənab İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilmişdir.


Kollegiya iclasında bildirilmişdir ki, Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirmiş, xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılmışdır.


Qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilmişdir.


Eyni zamanda, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilmiş, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.


Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılmış, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılmışdır.


Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilmişdir.


Qeyd edilmişdir ki, ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilmiş, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.


Eyni zamanda, işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılmışdır.


Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi qeyd edilmişdir.


2020-ci ilin prokurorluq orqanları üçün də əlamətdar olmasının diqqətə çatdıran Baş prokuror, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verilən göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyini, bununla əlaqədar qısa müddətdə prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində struktur və kadr islahatlarının aparıldığını, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yeniləndiyini bildirmişdir.


Kollegiya iclasında qeyd edilmişdir ki, hesabat dövründə digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26.004 cinayətin 84,3%-nin açılması təmin olunmuş, bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etmişdir ki, onların da açılma faizi 85,5% təşkil etmişdir.


2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalmış, otən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilmişdir.


Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilmişdir. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınmışdır ki, onların 94 faizinin açılması təmin edilmişdir.


Bu müddətdə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171.628.342 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunmuşdur.


Bildirilmişdir ki, Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi davam etdirilərək bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə "dünyada ən islahatçı” ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan vermişdir.


Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatların aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, o cümlədən "Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) Korrupsiya Qavrama İndeksi üzrə sonuncu hesabatında ölkəmizin 30 balla 26 pillə irəliləməsi diqqətə çatdırılmış, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumların da əldə edilən nailiyyətləri yüksək qiymətləndirdikləri bildirilmişdir.


Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 62 milyon 436 min manat məbləğində ziyanın ödənilməsi təmin edilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.


2020-ci il ərzində 161 saylı "Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.


Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etmiş, keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanmışdır.


Bildirilmişdir ki, hesabat dövründə respublikanın paytaxtı və digər rayon, şəhələrində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə 415 cinayət işi başlanmışdır ki, bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanmışdır.


Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilmişdir.


Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilmişdir.


Xüsusi vurğulanmışdır ki, hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları da fəaliyyətini müharibə dövrünün tələblərinə uyğun qurmaqla erməni birləşmələrinin hərbi qulluqçularımıza qarşı törətdikləri cinayət faktlarının araşdırılmasında öz üzərlərinə düşən vəzifələri layiqincə icra etmiş, eləcə də cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması təmin edilmiş, 2019-cu illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalmışdır.


Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olmuşdur. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilmişdir.


Diqqətə çatdırılmışdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilmişdir.


Qeyd edilmişdir ki, hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq edilən cinayət işi üzrə müəyyən edilmiş 5 əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırım-deportasiya, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyətilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər üzrə istintaq və digər prosessual hərəkətlərin icrası, həmin cinayətləri törətmiş şəxslərin anket məlumatlarının müəyyən edilməsi üçün zəruri tədbirlərin görülməsi davam etdirilir, həmçinin barələrində axtarış elan olunmuş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün digər zəruri işlərin görülməsi təmin edilir.


2020-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində müsbət göstəricilər əldə edilmiş, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılmış, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılmışdır.


Hesabat dövründə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 853 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunmuşdur.


Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10849 şəxs barəsində 9455, apelyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15455 şəxs barəsində 13501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmişdir.


Bildirilmişdir ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı "Çağrı Mərkəzi”ndə hesabat dövründə 17421 müraciət qeydə alınaraq, onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilmişdir.


Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilmişdir.


Qeyd edilmişdir ki, prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması, prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 32 nəfərdən ibarət yeni tərkibi təsdiqlənməklə ötən ilin sentyabr ayında ilk iclas keçirilmişdir.


Kollegiya iclasında Prezident cənab İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri qeyd edən Baş prokuror, 2002-ci ildən başlayaraq keçirilən 21 müsabiqə əsasında işə qəbul edilən hüquqşünasların hazırda prokurorluq işçilərinin 70 faizini təşkil etdiyini, həmin işçilərin bir çoxunun ötən il ərzində Baş Prokurorluğun idarə rəisi, rayon və şəhər, ərazi hərbi prokuroru vəzifələrinə təyin olunmalarını diqqətə çatdırmışdır.


Kollegiya iclasında Baş Prokurorluqda yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən hesabat dövründə müsbət iş göstəricilərinə nail olunduğu, bu sahədə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin səmərəliliyinin artırılmasının vacibliyi qeyd edilmişdir.


Bildirilmişdir ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmış, müraciətlərin obyektiv araşdırılmaqla şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir. Prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9777-nin tam, 708-nin isə qismən təmin olunması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.


Kollegiya iclasında qeyd edilmişdir ki, hesabat dövründə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilmişdir.


Ötən müddət ərzində Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla Mətbuat xidmətinin işi daha da təkmilləşdirilmiş, verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılmasının təmin edilməsi məqsədi ilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılmış, həmçinin Baş Prokurorluğun yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilmişdir.


Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, işğaldan azad edilmiş rayonların prokurorluqlarının peşəkar kadrlarla komplektləşdirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və əlil olmuş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının hər bir müraciətinə xüsusi diqqət və həssaslıqla yanaşılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyən edilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilmişdir.


Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Gəncə şəhər prokuroru Azad Qarayev, Füzuli rayon prokuroru Elnur Rüstəmov və Qazax rayon prokuroru Rauf Gözəlov hesabat dövündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair mövzuda çıxışlar etmiş, müzakirələrlə bağlı fikir mübadiləsi aparılmışdır.


Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Çox oxunanlar