Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, iyul ayının 28-də ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilib.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, danışıqlarda "Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, "Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev, "Azərbaycan Hava Yolları”nın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak edirdi.
COVID-19 pandemiyası dövründə turizm sahəsinin inkişafı və bu məsələdə mülki aviasiyanın rolu danışıqların əsas mövzusu olmuşdur. Qeyd etmək lazımdır ki, görüş ərəfəsində videokonfrans vasitəsilə Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilmiş və onların pandemiya dövründə AZAL aviaşirkəti ilə əməkdaşlığa dair təklifləri dinlənilmişdir.
Qonaqları salamlayaraq Cahangir Əsgərov bildirdi ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir. Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırılmışdır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir.
Görüşdə Fuad Nağıyev qeyd etdi ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.