İyunun 14-də Moskvadakı "Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Qeyd
edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da
qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya
çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı
ilə əsaslı şəkildə seçildi. Budəfəki tədbir daha qısa vaxt ərzində və
yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirildi.
Britaniyalı
müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera
müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə
əzəmət qatdı.
Açılış mərasiminin prodüseri Rusiyanın Birinci
kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor
Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat
dünya çempionu, braziliyalı futbolçu Ronaldo da açılış mərasiminə
qatılıb.
Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə çıxış etdi.
Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın
əfsanəvi "Lujniki” stadionunda salamlayaraq, dünyanın mehriban futbol
ailəsini çempionatın açılışı münasibətilə təbrik etdi. Bu möhtəşəm idman
hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin
ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə etdi.
O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına
məsuliyyətlə hazırlaşdıqlarını bildirdi. "Harada yaşamağımızdan, hansı
ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq
idman növü - futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını
humanizm təşkil edir. Çünki bu, birlikdir”, - deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğuladı.
FIFA-nın
prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə
dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar
yaşadacağını söylədi.
Otuz iki ölkənin yığma komandalarının
mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən
iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12
stadionunda keçiriləcək.
Xatırladaq
ki, açılış mərasimini "Lujniki” stadionunda 80 min, televiziya ilə
birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.
Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başladı.
Açılış mərasimindən dərhal sonra "A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü başladı.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın
da baxdıqları qarşılaşmada Rusiya yığma komandası 5:0 hesabı ilə qalib
gəldi. Qolları futbolçular Yuri Qazinski, Dmitri Çerışev, Artyom Dzyuba
və Aleksandr Qolovin vurdular.
Xatırladaq
ki, dünya çempionatında 32 komanda əvvəlcə 8 qrupda mübarizə aparır.
Qruplarda birinci və ikinci yer tutan komandalar səkkizdəbir finala
çıxacaqlar. Səkkizdəbir final mərhələsindən başlayaraq yarışlar Olimpiya
sistemi ilə keçiriləcək, yəni, uduzan komanda mübarizəni dayandıracaq.
Final görüşü iyulun 15-də Moskvada "Lujniki” stadionunda baş tutacaq. Üçüncü yer uğrunda matç isə iyulun 14-də Sankt-Peterburqda keçiriləcək.