Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna
səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout
avtomobil yolunun açılışında iştirak edib.
Son 15 ildə Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın mühüm
elementlərindən birini təşkil edən yol infrastrukturunun müasir
səviyyədə yenidən qurulması istiqamətində tarixi layihələr icra olunub.
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən son illərdə
kənd yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə
çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Bu cür
layihələrdən biri də Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout
avtomobil yoludur. Bu yolun inşasına Prezident İlham Əliyevin bu il aprelin 30-da imzaladığı Sərəncamla başlanılıb.
XəzərXəbər xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə
Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki
göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, 12 min nəfər
əhalinin yaşadığı 5 məntəqəni birləşdirən
Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi
uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü
texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Layihə çərçivəsində 212
poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol
nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib.
Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki
göstəricilərə riayət olunmaqla aparılıb. Bu yol sakinlərin rahat
gediş-gəlişini təmin edəcək, həmçinin
Bakı-Ələt-Qazax-Gürcüstan
ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən
istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun tikintisi
əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat
əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və
kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.