"Təhsil hər bir
dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən
səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da
belədir. Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf
dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə
təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar
yox, məhz biliklər" XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə deyib.
Ölkə
başçısı bildirib ki, gənclərimiz bilikli, peşəkar və vətənpərvər
olmalıdırlar: "Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq
ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi
dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola
bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin
uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz
bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi
bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm
ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam
etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti
dediyim meyarlara tam uyğundur".
Prezident
vurğulayıb ki, ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə
yaxındır. Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər
əlbəttə ki, öz nəticəsini verəcək və verir.
"Buna müəyyən vaxt,
zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu
inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan
ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin
timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı
ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə
də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və
müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə
şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ
olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu
sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə
yaxınlaşacaqdır".
Ölkə başçısı, qeyd edib ki, Azərbaycanın xarici
siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir: "Hesab edirəm
ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi
tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən
ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan
öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili
siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına
və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici
siyasətdir"
Prezidentin
sözlərinə görə, müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və
indiki şəraitdə o qədər də asan məsələ deyil: "Ancaq bizim mövqeyimiz
həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın
maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün
hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə
nail ola bildik və bunun əyani təzahürü BMT
Təhlükəsizlik Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana etimad
göstərib bizi dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasına üzv
seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz nümunəsidir. O gündən
artıq bir neçə il keçibdir. Mən tam əminəm ki, bu gün Azərbaycan
beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və hörmətə layiq bir
ölkədir".