Xəzər Xəbər

“Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları birinci olublar

Gündəm | 12:20 • 18 Aprel 2018
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları birinci olublar

2018-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusu üzrə keçirilən "Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları yüksək nəticələr əldə ediblər.


AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışın ümumi nəticələrinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun tankçıları xüsusi peşəkarlıq göstərərək 1-ci yerdə qərarlaşıblar. Tank heyətində tank komandiri, gizir Nicat Mehdiyev, tuşlayıcı-operator, gizir Ceyhun Şıxzadayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı olublar.


Yarışlar çərçivəsində keçirilmiş praktik atışların nəticələrinə görə də tank komandirləri – gizir Əlikərəm Bədəlov və gizir Nicat Mehdiyev 1-ci yerə layiq görülüblər.


Yüksək nəticələr əldə etmiş tankçılar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun tankçıları 2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Alabino təlim mərkəzində təşkil olunan Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsində də iştirak ediblər. Müsabiqədə yüksək peşəkarlıq göstərən tankçılar – gizir Əlikərəm Bədəlov yarışa cəlb olunan şəxsi heyət arasında ən yaxşı tank komandiri, gizir Ceyhun Şıxzadayev ən yaxşı tuşlayıcı-operator seçilib, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı da uğurlu nəticə göstərib.

Xəbər lenti