Bu il aprelin 11-də
keçiriləcək Prezident seçkiləri ilə bağlı ABŞ-ın "AJF&Associates,
Inc.” təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”
tərəfindən təşkil ediləcək "Exit-poll” öncəsi keçirilmiş sosioloji
araşdırmanın nəticələri açıqlanıb.
XəzərXəbər-in
xəbərinə görə, araşdırmanın nəticələrini Vətəndaşların Əmək Hüquqlarını
Müdafiə Liqasının sədri Sahib Məmmədov və "AJF&Associates, Inc.”
təşkilatının sədri Corc Birnbaum təqdim edib.
Qeyd olunub ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd Prezident
seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin
siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin
öyrənilməsi olub.
Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif
rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5% (952
nəfər) böyük şəhərlərdən, 17,6% (264 nəfər) kiçik şəhərlərdən, qalanları
isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9% (748
nəfəri) qadın, 50,1% (75 nəfəri) kişi olub.
Sorğu ölkə əhalisinin
yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 30,4 %
(456 nəfəri) 18-29 yaş arası (450 nəfəri) – 30% 30-39 yaş arası, 19,5%
(292 nəfəri) 40-49 yaş arası, 11,5% (173 nəfəri) 50-59 yaş arası, 5,6%
(84 nəfər) 60-69 yaş arası və yalnız 2,9% (44 nəfəri) 70 və daha yuxarı
yaşda insanlar olublar.
Əhalinin Prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş "Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə Seçkilər və ya prezident seçkilərində Siz necə iştirak edirsiniz?” – sualına verilən cavablar aşağıdakı kimi olub.
Respondentlərin
böyük əksəriyyəti – 74,0% (1110 nəfər) "həmişə” seçkilərdə iştirak
etdiklərini bildiriblər. 10% (150 nəfər) respondent isə 11 aprel 2018-ci
il Prezident
seçkilərində "ilk dəfə” iştirak edəcəyini bildirib. 12,6% (189 nəfər)
respondent seçkilərdə "bəzən”, yaxud "nadir hallarda” iştirak
etdiklərini göstəriblər.
Anket sorğusunun I blokuna aid olan
suallar seçicilərin iqtidar, yaxud müxalifət meylli olma imkanlarını
açmağa imkan verir. Belə ki, "Əgər prezident seçkiləri bu gün keçirilsə
idi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?”
Sual
8-ə və – "Əgər parlament seçkiləri bu gün keçirilsə idi, hansı
partiyanın namizədinə səs verərdiniz?” Sual 9-a alınan cavablar – İlham Əliyev
82,9 % (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının 70,9% (1064 nəfər)
respondent tərəfindən, demək olar ki, böyük əksəriyyətlə qeyd edilməsi
azərbaycanlıların mövcud hakimiyyətin fəaliyyətindən razı olduqlarını və
bu hakimiyyəti dəstəklədiklərini göstərir.
"Hazırkı hökumətin
işini necə qiymətləndirirsiniz?” sualına alınmış cavablar "əla” – 28,9 %
(433 nəfər), "yaxşı” – 27,1% (406 nəfər), "orta”–19,9%(299 nəfər)– da
gəldiyimiz qənaətin düzgün olduğunu sübut edir.
Belə ki, bu
cavablar hər biri ayrılıqda müsbət cavablardır və ümumiikdə, 75,9% (1138
nəfər) respondentin hazırki hökumətin fəaliyyətini qənaətbəxş qəbul
etdiyini deyə bilərik. Sual 10 – "Aşağıdakı fikirlərin doğru
olub-olmadığını deyə bilərsinizmi?” – əhalinin müasir hökumətin
fəaliyyətinə münasibətinin açıq ifadəsidir.
Belə ki, alınan
cavablar – "Azərbaycanın iqtisadiyyatı güclüdür” – 62, 5% (937 nəfər),
"Azərbaycanda söz azadlığı var” – 65% (975 nəfər), "ölkə rəhbərliyi
xalqı terrordan qoruyur” – 63,6% (954 nəfər), "biz bir siyasi liderin
rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” – 62,5% (938
nəfər), "Azərbaycanda insan hüquqları qorunur” – 62% (930 nəfər),
"Azərbaycan regionda sabitlik adasıdır” –63,1% (946 nəfər) əhalinin
mövcud iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.
Bu bloka daxil olan " Prezident İlham Əliyevə
münasibətlə ” bağlı sual 11-ə verilən cavablar seçicilərin siyasi meyli
və səsvermənin nəticələri haqqında fikir söyləməyə imkan verir. Belə
ki, İlham Əliyevin
prezidentlik fəaliyyətinə münasibət olaraq, "iqtisadiyyatı
təkmilləşdirir”–58,7% (881 nəfər), "vətəndaşların qayğısına qalır”,
"miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır” -61% (915
nəfər), "Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir”–75% (1125
nəfər), "Ölkəmizin təhlükəsizliyini qoruyur”–60,7% (911 nəfər), miqrant
böhranının Azərbaycana keçməsinin qarşısını alır–58% (870 nəfər) qeyd
edilib.
"Beləliklə, bilavasitə prezident İlham Əliyevin
fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş
"exit-poll” öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.
Aparılmış sosioloji sorğunun nəticələri göstərdi ki, 11 aprel 2018-ci il Prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir.
Əhali Prezident
seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan
təbliğatın müsbət gedişindən xəbər verir. Inanırıq ki, 11 aprel 2018-ci
ildə ölkədə Prezident
seçkiləri zamanı keçiriləcək "exit-poll” sorğularının nəticələri
apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq", -
təşkilatçılar bildiriblər.