Fevral ayının
pensiyalarının ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı
artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur.
XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Nazirlik
rəsmisi bildirib ki, hər il olduğu kimi əmək pensiyalarının
indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ayrıca sərəncamının imzalanacağı gözlənilir.
"Belə ki, həmin Sərəncamla Dövlət Statistika Komitəsinin
2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım
göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının
cari il yanvarın 1-dən həmin qədər artırılması həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, indeksləşdirmə ötən illərdən fərqli olaraq
yeni mexanizmlə həyata keçiriləcək. Belə ki, "Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən
tətbiqinə başlanılan dəyişikliklərə əsasən əmək pensiyalarında "baza
hissəsi” və "sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də
əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta
hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əmək haqlarının
əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin
olunacaq".
E.Babayev qeyd edib ki, bu dəyişiklik ilk növbədə
pensiyasının məbləği aşağı olanlar üçün məqsədəuyğundur: "Məsələn, 200
manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat
sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə
tətbiq olunurdu, deməli, 12,9% - lik inflyasiyaya görə artım cəmi 11,61
manat (200-110)x12,9% edəcəkdi. Yeni qaydalara görə isə bütün məbləğə
(yəni 200 manata) orta aylıq əmək haqqının artım sürəti yəni 6,4%-lik
artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır.
Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əmək haqqının
artım tempindən 2 dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı
məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir".
Şöbə
müdiri vurğulayıb ki, artımların nə vaxt ödəniləcəyinə gəldikdə isə
fevral ayının pensiyalarının ödənişi zamanı pensiyaların yanvar və
fevral aylarındakı artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur.