Fevralın 1-dən
tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil
müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə
dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili
müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların
köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.
Təhsil Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, cari ilin fevral ayının 1-dən etibarən
transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və
bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər
köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun
üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə
meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi
və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan
transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin
sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin
razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət
İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin
topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil
müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az
olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi
ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni
ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici
ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və
digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir.
Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin
dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması
da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az
portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil
müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.
Ötən tədris ilində portal vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.