Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Rusiya
Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və
həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası
əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda
keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğuladı.
Dövlətimizin başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da
genişləndirilməsinin vacibliyini bildirdi.
Dövlət Dumasının MDB
məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin
sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri
Vyaçeslav Volodinın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq
Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu dedi. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin
anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirdi ki,
bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad
edilir.
Dövlətimizin başçısı İlham Əliyev
Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirdi, onun da
salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş etdi.