"Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır"
Bunu Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Prezident İlham Əliyev
deyib: "Biz bu il artıq dəfələrlə görüşmüşük və bizim görüşlərimiz
həmişə yaxşı nəticələrə aparıb çıxarır. Çünki biz münasibətlərin
inkişafına yeni impuls veririk. Çox şadıq ki, iqtisadi sahədə də əmtəə
dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes
qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə
dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı
marağın göstəricisidir.
Bizim Rusiya ilə münasibətlərimiz
strateji xarakter daşıyır və biz həmin münasibətləri elə bu cür
səciyyələndiririk. Bütün istiqamətlərdə - humanitar, iqtisadi,
energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna
görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı
münasibətlərdir.
Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli
Sammit müstəvisində keçir. Mən deyərdim ki, bu da qlobal miqyaslı çox
mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim
ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara,
qarşılıqlı dəstəyə əsaslanır. Belə ki, yeni görüşümüzə və əminəm ki,
əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri
müzakirə edəcəyimizə çox şadam".