Xəzər Xəbər

Çində COVID-19-a gündəlik yoluxma halları yenə çoxalıb

Dünya | 09:47 • 15 Yanvar 2021
Çində COVID-19-a gündəlik yoluxma halları yenə çoxalıb

COVID-19 virusunun yayılmasını ötən bir neçə ayda nəzarət altına almağı bacaran Çində son günlər yoluxma halları yenidən çoxalmağa başlayıb. Ötən sutka ölkədə infeksiyaya 144 yoluxma qeydə alınıb.


AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, yoluxma hallarının əsas hissəsi Hebey və Heyloncian vilayətlərində aşkarlanıb. Bundan başqa, 66 asimptomik hal da qeydə alınıb.


Yoluxma hallarının daha çox aşkarlandığı ölkənin şimal bölgələrində epidemiya əleyhinə qaydalar gündən-günə sərtləşdirilir. Cilin vilayətində uşaq bağçalarının, tədris mərkəzlərinin, yeniyetmələr üçün dərnəklərin fəaliyyəti dayandırılıb. Orta məktəblərdə isə qış tətili vaxtından əvvəl başlayıb.


Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna gündəlik yoluxma hallarının sayında artım müşahidə olunur. Gündəlik təsdiqlənmiş yoluxma sayı mart ayındakı səviyyəyə çatıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm qeydə alınıb. Hebey vilayətinin paytaxtı Şıciacuan şəhərində, ardınca isə vilayətin Sintay şəhərində tam qapanma elan edilib. Bundan başqa, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir. İndiyədək 9 milyondan çox adam peyvənd olunub.

Xəbər lenti

Çox oxunanlar