Xəzər Xəbər

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada veloyürüş təşkil olunub

Dünya | 16:35 • 27 May 2019
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada veloyürüş təşkil olunub

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə veloyürüş təşkil olunub.


AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyinə həsr edilib.


Veloyürüşdə RAGB-nin fəalları, həmçinin dəvət olunmuş qonaqlar iştirak ediblər.


Marafonun təşkil edilməsi sağlam həyat tərzinin təbliği, gənclərin müntəzəm idman məşğələlərinə qoşulması, həmçinin onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədi daşıyır.


Tədbir bütün iştirakçıların salamlanması, ümumi xatirə şəklinin çəkilməsi və marşrut barədə təlimat verilməsi ilə başlayıb.


Qeyd edək ki, Moskva Dövlət Universitetinin əsas binasından başlayaraq Qorki Parkınadək və geriyə uzanan marşrutun uzunluğu 10 kilometrə bərabər olub. Veloyürüş iştirakçıları marşrut boyunca hərəkət zamanı iki dəfə dayanıblar. Dayanacaqlarda mədəni-əyləncəli proqram, o cümlədən "Qarabağ” milli rəqs ansamblının hazırladığı şou nümayiş etdirilib.


Veloyürüşün sonunda təşkilatçılar bütün iştirakçılara və qonaqlara təşəkkür edib, həmçinin göstərdiyi dəstəyə və bu təşəbbüsə görə RAGB-nin sədri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti