Xəzər Xəbər

Lyonda partlayış: yaralıların sayı 13-ə çatıb

Dünya | 09:21 • 25 May 2019
Lyonda partlayış: yaralıların sayı 13-ə çatıb

Fransanın ədliyyə naziri Nikol Bellube Lion şəhərində baş vermiş partlayışın Paris prokurorluğu tərəfindən "terror cəhdi” versiyası üzrə araşdırıldığını bildirib.


Bu barədə "BFM” telekanalı məlumat yayıb.


"Terrorçuluqla mübarizə üzrə məsul Paris prokurorluğuna müraciət edilib. Prokurorluq işi terror cəhdi versiyası üzrə araşdırır, ancaq hazırda davam edən və məhkəmə polisinin cəlb olunduğu araşdırmanın yekununu gözləmək lazımdır. Nəticələrdən asılı olaraq gələcəkdə faktın terror aktı olub-olmadığına hüquqi qiymət veriləcək”, - nazir belə deyib.


Bununla yanaşı, o vurğulayıb ki, "terror aktı barədə danışmaq hələlik tezdir”.


Qeyd edək ki, Lion şəhərində partlayıcı maddənin olduğu bağlamanın partladılması nəticəsində azı 13 nəfər xəsarət alıb. Bundan əvvəl 6 nəfərin yaralandığı deyilirdi. Parisin antiterror prokurorluğu faktın araşdırılmasına başlayıb.


Hadisədən bir qədər sonra müşahidə kameralarının izlənilməsi nəticəsində faktda şübhəli bilinən şəxsin görüntüsü əldə olunub. Görüntülərdən aydın olur ki, naməlum şəxs velisipedlə əraziyə yaxınlaşıb və əlindəki bağlamanı ora qoyub. Bir qədər sonra isə partlayış baş verib. Hazırda polis həmin kişini axtarır. "BFM” telekanalının bildirdiyinə görə, həmin şəxs 30-35 yaşlarındadır və gözündə tünd eynək olub.

Xəbər lenti