Xəzər Xəbər

Yeni Zelandiyada hücum və yarımavtomat silahların qadağan edilməsi barədə qanun qüvvəyə minib

Dünya | 09:51 • 13 Aprel 2019
Yeni Zelandiyada hücum və yarımavtomat silahların qadağan edilməsi barədə qanun qüvvəyə minib

Aprelin 12-də Yeni Zelandiyada hücum və yarımavtomat silahlar, eyni zamanda onlar üçün sursatın qadağan edilməsi barədə qanun rəsmi olaraq qüvvəyə minib.


Həmin qanun başa çatmaqda olan həftədə Yeni zelandiyalı qanunvericilərin böyük əksəriyyəti tərəfindən qəbul edilib. Bu qanunun əleyhinə cəmi bir deputat səs verib.


Həmin silahın saxlanmasına görə beş ilədək həbs cəzası tətbiq ediləcək. Qanuna görə, yalnız peşəkar ovçulara və kolleksiyaçılara güzəşt olunacaq. Qadağan edilmiş silaha malik olan digər şəxslər sentyabrın sonunadək onu polisə təhvil verməlidirlər.


Qanun qüvvəyə mindikdən sonra təxminən min nəfər polisə müraciət edərək onlardakı silahı təhvil vermək niyyətində olduqlarını bildirib. Daha 400 nəfər polisin qaynar xəttinə müraciət edərək bu məsələ ilə bağlı məsləhət alıb.


Yeni Zelandiyanın hakimiyyət orqanları silahların təhvili ilə bağlı proseduru sürətləndirmək üçün, onları vətəndaşlardan satın almaq qərarına gəlib. Baş nazir Casinda Ardernin hesablamalarına görə, bunun üçün təqribən 100-200 milyon Yeni Zelandiya dolları lazım olacaq. (AZƏRTAC)

Xəbər lenti