Xəzər Xəbər

Gürcüstanın Milli Təhlükəsizlik Şurası Baş nazirə tabe olacaq

Dünya | 09:05 • 22 Noyabr 2018
Gürcüstanın Milli Təhlükəsizlik Şurası Baş nazirə tabe olacaq

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkə Konstitusiyasına edilən dəyişikliklərlə bağlı sərəncam imzalayıb.


Konstitusiyaya edilən dəyişikliklərə əsasən, yeni dövlət başçısının inauqurasiyasından sonra prezident yanında məşvərətçi orqan olan Gürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq. G.Marqvelaşvili Milli Təhlükəsizlik Şurasına alternativ orqanın yaradılması barədə hökumətə və parlamentə müraciət etsə də, hələ bu məsələ həllini tapmayıb.


Gürcüstan Baş nazirinin müavini - daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərə müsahibəsində deyib ki, hökumət yeni şuranın yaradılması ilə bağlı dekabrın 1-dək parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış edəcək. Şura gələn ilə qədər yeni formatda təşkil ediləcək və Baş nazirə tabe olacaq.


Qeyd edək ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası ölkənin milli hərbi strategiya və müdafiə sisteminin təşkili məsələləri ilə məşğul olurdu. Şuranın ölkədə hərbi və ya fövqəladə vəziyyət elan etmək səlahiyyəti də var idi. (AZƏRTAC)

Xəbər lenti