Xəzər Xəbər

TƏHLÜKƏ: 35 min İŞİD terrorçusu yoxa çıxıb!

Dünya | 15:48 • 12 Dekabr 2017
TƏHLÜKƏ:

İngiltərənin "The Times" qəzeti yazır ki, minlərlə İŞİD üzvü PYD/PKK terror təşkilatının alt qanadı olan Suriya Demokratik Qüvvələrindən (SDQ) satın aldığı "səyahət sənədləri" ilə Suriyada SDQ-nin nəzarətindəki bölgələrdə sərbəst gəzirlər.

Qəzetin bugünkü sayında Hannah Lucinda Smitin imzası ilə dərc olunan xəbər, bir müddət SDQ-də xidmət etdikdən sonra bölgədən qaçan Talal Silonun etiraflarına əsaslandırılıb.

Xəbərə görə, İŞİD terror təşkilatının rəhbərlərinin də aralarında yer aldığı minlərlə terrorçu ABŞ-ın dəstəyi ilə Münbiçdən çıxıb.

Silo "The Times"a açıqlamasında bildirib ki, sözügedən sənədlər İŞİD üzvlərinə 200 dollardan başlayan və bəzi hallarda minlərlə dollara qədər qalxan qiymətlərə satılıb.

Xəbərdə qeyd edilir ki, keçən ilin avqust ayında SDQ-nin nəzarətinə keçən Münbiçdən 200 İŞİD terrorçu vətəndaşları canlı qalxan kimi istifadə edərək qaçmışdı. Bu hadisənin təfərrüatları da Silo tərəfindən açıqlanıb. O bildirib ki, İŞİD-çilərdən əldə olunan sənədlərlə onlar ötən il avqustundan başlayaraq Deyrəzzora köçürülüb, yüzlərlə təşkilat üzvü isə digər bölgələrə paylanıb.

"The Times" yazır ki, son zamanlar Suriya sərhədindən Türkiyəyə girməyə çalışan İŞİD-çilərin sayı artıb. Onlar Türkiyədən keçməklə Avropaya getməyə çalışırlar.

Silo həmçinin qeyd edib ki, SDQ ilə İŞİD arasında Tabka və Rəqqada da oxşar addımlar atılıb, sənədlər verilib.

"Soufan Centre" və "Global Strategy Network" adlı beyin mərkəzlərinin oktyabr ayında dərc etdiyi hesabatlara görə, aralarında 400 İngiltərə vətəndaşının da yer aldığı təxminən 35 min İŞİD terrorçusunun yeri və nə işlə məşğul olduğu da məlum deyil.

Xəbərdə qeyd edilir ki, SDQ türkmən vətəndaşı mətbuat katibi təyin etməklə dünyada "çox köklü struktur" olmaları imicini yaratmağa çalışır. Bunu da qəzetə Silo deyib.

Məlumatda son olaraq qeyd edilir ki, ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığında xidmət edən general Raymond Tomas PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin SDQ-yə çevrilməsində Vaşinqtonun rolunu mediaya təsdiqləyib./FaktXəbər

Xəbər lenti