Xəzər Xəbər

Birinci mərhələdə öz evlərinə köçürüləcək məcburi köçkünlərin sayı məlum olub

Hazırda Qarabağda əsaslı bərpa və quruculuq işləri aparılır
Cəmiyyət | 15:24 • 28 Sentyabr 2022
Birinci mərhələdə öz evlərinə köçürüləcək məcburi köçkünlərin sayı məlum olub

İşğaldan azad olunan ərazi çox böyükdür. Orada dövlətimiz tərəfindən əsaslı bərpa və quruculuq işləri aparılır. Bizim bu məsələdə dəstəyə ehtiyacımız vardır. Ən mühüm məsələ ərazilərin minalardan təmizlənməsidir.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov sentyabrın 28-də Bakıda keçirilən Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində “Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, iqtisadi inkişaf və böyük qayıdışla bağlı beyin mərkəzlərinin təşəbbüsləri və töhfələri” mövzusunda panel müzakirələri zamanı deyib.

O bildirib ki, Azərbaycan minalanmış sahələrin təmizlənməsi işini müvafiq şəkildə aparır: "Bu, çox vaxt və maliyyə tələb edən məsələdir. Minalar təmizlənməlidir ki, insanlar evlərinə qayıda bilsinlər. Artıq Zəngilanın Ağalı kəndində yaşayış var. Görüləcək işlər hələ çoxdur. Nəqliyyat-kommunikasiya xətlərinin, yolların tikilməsi, xəstəxanaların inşa edilməsi, ümumiyyətlə, infrastrukturun yaradılması mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə 66 min məcburi köçkünün öz evlərinə qayıtması planlaşdırılır".

Araz İmanov diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində min hektarlarla sahə məhv edilib, yaşayış məskənləri dağıdılıb. Həmçinin mədəni, dini və tarixi abidələrimiz məhv edilib.

Bu tədbirin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesinə töhfəsini verəcəyinə inandığını bildirən A.İmanov deyib ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq proseslərinin sürətləndirilməsi işində beyin mərkəzlərinin təşəbbüsləri və verəcəyi töhfələr çox mühümdür.

Xəbər lenti