Xəzər Xəbər

Azərbaycanda əhalinin 5 milyondan çoxu peyvənd olunub

Cəmiyyət | 17:28 • 12 Oktyabr 2021
Azərbaycanda əhalinin 5 milyondan çoxu peyvənd olunub

Azərbaycan COVID-19 ilə mübarizədə kifayət qədər işlər görüb. Yeni müəssisələr yaradılıb, səhiyyənin maddi-texniki bazası gücləndirilib, fərdi mühafizə vasitələrini istehsal edən müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dünyada və regionda vaksinasiya proqramına başlayan ilk ölkələrdən biridir. Bu sahədə işlər sürətlə davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda əhalinin 5 milyondan çoxu peyvənd olunub.

Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, COVID-19 pandemiyası bütün dünya üçün böyük bir bəlaya çevrilib. Artıq iki ilə yaxındı ki, biz bu şəraitdə yaşayırıq. Heç bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Ona görə bu pandemiya ilə mübarizədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Vaxtında göstərilən yardım qiymətsizdir.

Azərbaycana yeni növ vaksinin gətirilməsi ilə bağlı sualı cavablandıran səhiyyə nazirinin müavini deyib: “Ölkədə dörd növ vaksin istifadə olunur. Əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur. Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur”.

Viktor Qasımov, eyni zamanda, qeyd edib ki, buster doza gücləndirici peyvənddir. Əlbəttə bu peyvəndin kifayət qədər lazımlı olması öz təsdiqini tapıb. Buster dozadan sonra immunitet xeyli artır. Ona görə bu ilk növbədə 50 yaşdan yuxarı əhali və risk qrupuna daxil olan səhiyyə işçiləri üçün tövsiyə olunub. Növbəti mərhələdə digər əhali kontingentlərinə də koronavirusa qarşı üçüncü doza ilə peyvəndlənmə tövsiyə olunacaq.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 37 min 99, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 903 min 419, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 133 min 680 nəfər təşkil edir.

Səhiyyə Nazirliyi son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq, hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini üçüncü doza (buster doza) ilə peyvəndlənməyə çağırır.

Xəbər lenti