Xəzər Xəbər

Bayram bitdi: işə necə adaptasiya olaq? - Psixoloqdan MƏSLƏHƏT

Cəmiyyət | 18:05 • 29 Mart 2021
Bayram bitdi: işə necə adaptasiya olaq? - Psixoloqdan MƏSLƏHƏT
Bayram günlərindən sonra demək olar ki, hər kəsdə işə adaptasiya ilə bağlı problem olur. Belə ki, tətil günləri daha gec oyanmaq, istirahətə zaman sərf etmək anlayışını 9-10 saatlıq iş rejimi əvəzləyir. Bu isə öz növbəsində tətil sonrası ilk günlər gərginlik yaradır.
 
Maraqlıdır, bayram sonrası işə tez bir zamanda adaptasiya olmağın hansısa üsulu varmı?
 
XəzərXəbər xəbər verir ki, məsələ ətrafında Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova adaptasiya məsələsinin fərdi olduğunu bildirib:
 
"İnsan orqanizmi bioloji elmlər, şəxsiyyət anlayışı, sosial elmlər konteksində formalaşır. Bunun üçün təbiidir ki, hər fərdin özünəməxsus bioloji xüsusiyyəti olduğu kimi adaptasiya növləri də olur. Yəni burda insanın adaptasiya olunması fərdin düşüncəsindən və fərdin qarşısına qoyduğu planlardan asılı olur. Burda artıq emosiya və hisslər özünü göstərməyə başlayır. Bayram günləri işin özəlliyi üçün darıxan tiplər olur. Məsələn, biz şagirdlərdə də görürük ki, tətil günlərinin sonuna yaxın ilk növbədə rəngli boyaların üzərinə qaçırlar, çantalarına ilk yığmaq istədiyi əşya məhz bu olur. Çünki rənglər dünyası uşaqların özündə yaratdığı adaptasiya növüdür". 
 
Psixoloq böyüklər üçün işə adaptasiya olmağın bir neçə üsulu barədə də danışıb:
 
"Böyüklərdə isə adaptasiya fərqli formada ola bilər. Yaxşı olardı ki, biz bu vaxtlarda fəsil dəyişkənliyinin müsbət tərəflərinə meyl edək. Məsələn, yeni libas almaq üçün alış-veriş, bayram müddətində çəkdiyimiz fotolara baxıb fototerapiya ilə məşğul olmaq və istirahəti mükəmməl keçirməyin qənaətinə gəlmək ən gözəl adaptasiya növüdür".
 
A.Ələkbərova şəhid ailələrinin bu dövrdə xüsusi həssas olduğunu diqqətə çatdırıb:
 
"Onu da qeyd etməliyik ki, biz 44 günlük Vətən müharibəsindən çıxmışıq, şəhid ailələri var. Onların işə adaptasiyası da özünü qabarıq şəkildə göstərəcək. Məsələn, belə ailələrin uşaqları üçün şəhid olmuş əzizləri üçün bayram müddətində inşa hazırlamaq sonradan onu təqdim etmə istəyi adaptasiya üsulu ola bilər. Ümumilikdə onu deyim ki, hər şey bayramdan sonra beyninizə hansı siqnalı ötürməyinizdən asılıdır".

Xəbər lenti