Xəzər Xəbər

Bakıda piyada yollarına qənim kəsilənlərlə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 15:07 • 22 Mart 2021
Bakıda piyada yollarına qənim kəsilənlərlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müxtəlif küçələrdə avtomobil sürücülərinin piyadaların yolunu kəsməsi ilə bağlı məsələyə münasibət bildirib.

 
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobillərin bu formada piyada səkilərində, pandusların qarşısında park edilməsi qayda pozuntusudur və inzibati məsuliyyət yaradan bir haldır:
 
"Bu cür qayda pozuntusu törədən sürücü bilməlidir ki, bu addımı ilə o, həm də fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan piyadaların hərəkətini çətinləşdirir. 
 
Gündəlik olaraq tərəfimizdən bu cür qayda pozanlara qarşı qanunvericiliklə yol verilən qaydada tədbirlər görülməkdədir. 
 
Bu çərçivədə mütəmadi olaraq maarifləndirmə işləri də aparılır. Çünki məsələyə təkcə inzibati tənbeh aspektindən yanaşmaq düzgün olmazdı. Bəzən bu qayda pozuntuları piyada vurulması kimi bədbəxt hadisələrə səbəb olur”. 
 
Piyada səkilərinin zəbt olunmasının qarşısını almaq üçün son iki ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən 160-a yaxın küçədə tumbalar quraşdırılıb və proses davam edir:
 
"Eyni zamanda, təqdim olunan fotolardan da göründüyü kimi narahatlıq doğuran digər bir məqam piyada səkilərinin müxtəlif obyekt sahibləri tərəfindən zəbt olunmasıdır. Bu kimi məqamlar hələ 2018-ci ildə tərəfimizdən Bakı şəhərinin bütün rayonları üzrə aparılan monitorinqlərlə müəyyən edilib. Aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün hər bir rayon üzrə icra hakimiyyətlərinə müraciətlər təqdim edilib”.
 
Qeyd edək ki, Bakıda müxtəlif küçələrdə sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutulan səkilərin üstündə, yaxud yanında saxlayırlar. Təbii ki, qanunsuz zəbt edilmiş piyada səkiləri insanların narazılığına səbəb olur. 

Xəbər lenti

Çox oxunanlar