Xəzər Xəbər

Koronavirusun yeni növünə qarşı vaksin hazırlana bilər

Cəmiyyət | 15:46 • 22 Dekabr 2020
Koronavirusun yeni növünə qarşı vaksin hazırlana bilər

Almaniyanın "BioNTech” kompaniyası koronavirusun yeni "Britaniya” ştammına qarşı peyvəndi altı həftə ərzində hazırlaya bilər.


Xezerxeber.az France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru Uğur Şahin məlumat verib. Onun sözlərinə görə, "BioNTech” və "Pfizer” kompaniyalarının birgə hazırladığı vaksin çox güman ki, mutasiyaya uğramış virusla da uğurlu mübarizə apara bilər. Lakin preparat bilavasitə koronavirusun "Britaniya” növünə qarşı vaksinasiya üçün uyğunlaşdırılmalıdır.


"Biz yeni vaksini texniki olaraq altı həftə ərzində təqdim edə bilərik”, - deyə Uğur Şahin bildirib.


Qeyd edək ki, dekabrın 14-də Böyük Britaniyanın cənub-şərqində koronavirusun yeni ştammı aşkarlanıb. Baş nazir Boris Conson ilkin məlumata əsaslanaraq mutasiyaya uğramış bu növün əvvəlkinə nisbətən 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını deyib.


Dekabrın 20-dən başlayaraq London, Şərqi və Cənub-Şərqi İngiltərə ərazisində və Uelsdə sərt karantin rejimi elan olunub. İndiyədək 40 ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsib və bu ölkələrin sayı artmaqda davam edir.

Xəbər lenti