Stress nəticəsində psixosomatik adı altında birləşdirilən bir çox xəstəliklərin yaranması mümkündür. Buraya daha çox həzm orqanlarında yaranan problemlər, reflüks, qastrit, qıcıqlanmış bağırsaq sindromunu, autoimmun xəstəliklər, ekzemalar, ürək-damar, şəkər xəstəlikləri aid olunur. Hətta son zamanlar onkoloji xəstəliyin də kökündə stress amilinin dayanması haqda çoxsaylı tədqiqatlar var".
XəzərXəbər bildirir ki, bu fikirləri APA TV-nin "Öncə sağlıq" proqramında həkim-qastroenteroloq Arzu Yusifova deyib.
Mütəxəssis qeyd edib ki, stress nəticəsində beyində bir çox biokimyəvi
reaksiyalar baş verir, adrenalin ifrazı artır, bu da dərhal ürək
döyüntülərinin sayının artmasına səbəb olur: "Bəzi şəxslər bunu ya
əlinin tərləməsi, ya da təngnəfəsliyə gətirib çıxaran hal kimi
dəyərləndirir. Bu uzun müddət davam etdikdə, yəni stress amili uzun
müddət insanı təsiri altında saxladıqda ürək-damar, şəkər, mədə-bağırsaq
xəstəliklərinin yaranması qaçılmaz olur.
Təbii ki, fiziki və zehni stresslər fərqlidir. Yəni qəfildən bədənimizin
böyük bir hissəsi yanırsa, əlimiz, ayağımız qırılırsa, ciddi bir
əməliyyat keçiririksə, bunlar da stressdir. Şəxsin haqqında danışılan
xoşagəlməyən bir söz və ya işdən çıxarılması da stress yaradır.
Hamiləlik dövrü, doğuş anı, eləcə də boşanmalar, maddi-sosial
problemlər, yaxınların itkiləri stressli vəziyyət kimi dəyərləndirilir.
Stress təbii ki, anidən böyük bir xəstəlik törədə bilmir. Amma hər bir
insanın hər hansı kiçik qıcığa sərt cavab verməsi, yuxusuzluq, həyəcan,
əhval-ruhiyyənin pozulması ilə nəticələnir. Bəzilərində stress zəminində
çox yemək, digərlərində isə iştahanın olmaması müşahidə edilir".
Mütəxəssis deyib ki, stress nəticəsində ilkin olaraq baş, bel, əzələ
ağrılarının, bəzi şəxslərdə hətta qaşınmanın, səpgilərin yaranması
mümkündür: "Bunları anında dəyərləndirməyəndə sonradan ciddi
problemlərin yaranması mümkündür. Bir şəxsin yuxusuzluğu varsa, özünü
gərgin hiss edirsə, içində həmişə bir narahatlıq yaranırsa, bunlar bir
müddət sonra mütləq psixosomatik xəstəliklərə, orqanik problemlərə, yəni
mədə, onikibarmaq bağırsaq yarasına, qıcıqlanmış bağırsaq sindromuna,
ürək-damar xəstəliyinə səbəb ola bilər. Məşhur həkimlərdən biri deyib
ki, ürək tutmasından ölüm qəfləti olmur. Buna illərcə hazırlıq lazımdır.
Yəni illərdir yaşadığımız, amma "önəmli bir şey deyildir" dediyimiz
stress bir müddət sonra bu problemlərə gətirir. Təəssüflər olsun ki,
bizə müraciət edən xəstələr uzunmüddətli stresslər nəticəsində yaranan
xəstəliklərin irəliləmiş halında müraciət edirlər".
Stress nəticəsində yaranan problemlərdən birinin qıcıqlanmış bağırsaq
sindromu olduğunu deyən mütəxəssis bildirib ki, bağırsaq hüceyrələrinin
beyinlə əlaqəsi olduqca güclüdür: "İnsan ölən kimi öncə bağırsaq
hüceyrələri ölür. Yəni beyinə gələn hər hansı bir qıcıq bağırsaqlara
ötürülən impulsu artırır, eyni zamanda qıcıq nəticəsində ifraz olunan
stress hormonları da bağırsağın hərəkətliliyini artırır. Bu halda
xəstələr qarında bir ağrı hissi, köplük, şişkinlik şikayəti ilə müraciət
edirlər. Bəziləri ishal, bəziləri qəbzlik, bəzi şəxslər isə ishalla
qəbzliyin növbələşməsi şikayəti ilə gəlirlər. Əgər xəstə gəncdirsə, biz
çox ciddi bir problemin olmadığını düşünürük. Amma 40 yaşdan sonra
mütləq kolonoskopik müayinə aparılması lazımdır. Bir çox hallarda bu
xəstələrdə instrumental-laborator müayinələrin nəticəsində klinik,
orqanik bir problem tapmırıq. Yəni bağırsağın divarları da, qan
təhlilləri tamamilə normal olur. Amma xəstənin şikayəti var. Bu,
qıcıqlanmış bağırsaq sindromudur. Burada yalnız qıcığı söndürmək, beyini
sakitləşdirmək lazımdır. Bunun üçün biz sadəcə, xəstəyə stress,
depressiya əleyhinə dərmanlar verir, daha çox fiziki aktiv olmağı,
təbiət qoynunda dincəlməyi, oksigenlə zəngin yerlərdə olmağı tövsiyə
edirik.
Onun sözlərinə görə, qəbizlik bir çox hallarda stresslə bağlı olur:
"Təbii ki, qəbizliyin bir çox səbəbləri var. Bağırsaqda bir şiş
törəməsi, yəni nəcisin çıxışının qarşısını alan bir törəmə yoxdursa,
xəstə şəkərli diabet deyilsə, hər hansı hormonal problemi yoxdursa, o
zaman qəbizlik qıcıqlanmış bağırsaq sindromu ilə əlaqəli olur. Bu isə
stress nəticəsində baş verir. Gərgin olan insanların hamısında bu hal
yaranır. Çünki bağırsaq sürəkli gərgin olur, içərisindəkini kənara
buraxmaq istəmir. Burada mütləq psixoloji sakitlik əldə etmək vacibdir.
Depressiyada olan insanları daha çox bağırsaqda yaranan problemləri
aradan qaldıraraq depressiyadan çıxarmağa çalışırlar".
Stress nəticəsində ən çox rast gəlinən problemlərdən birinin də reflüks
olduğunu vurğulayan mütəxəssis qeyd edib ki, reflyuks mədə
möhtəviyyatının yemək borusuna qayıtması deməkdir: "Normalda bilirik ki,
yediyimiz qidalar yuxarıdan aşağıya doğru hərəkət edər, yemək borusuna,
mədəyə, onikibarmaq bağırsağa, daha sonra da artıq qalan qisimlər yoğun
bağırsağa atılır. Ancaq reflyükls halında mədə möhtəviyyatı, yəni turş
mühit yemək borusuna atılır. Eyni zamanda stress halında, stress
hormonlarının təsiri altında mədənin turşu ifrazı da yüksəlir.
Mədə turşusu yemək borusuna qayıdanda boruda yanma hissi, gəyirmə,
döş sümüyünün arxasında ağrı, ən çox da ağızda acılıq kimi şikayətlərlə
özünü büruzə verir. Belə hallarda mədə turşuluğunu aşağı salan
dərmanlardan istifadə edirik ki, reflüks olsa da, yemək borusunda
zədələnmə yaratmasın".
Onun sözlərinə görə, bir çox hallarda bu problem stress və ya kofein
tərkibi içkilərdən daha çox istifadə nəticəsində yaranır: "Məsələn,
araşdırmalar göstərir ki, bir stəkan çayda 50 milliqram, bir fincan
kofedə 100 milliqram kofein var. Əgər günlük rasionumuzda kofein miqdarı
250 milliqram olarsa, artıq yuxuda pozğunluq yaranır. Bu da stress
yaradır. Kofe də digər narkotik vasitələr kimi, siqaret kimi, alkoqol
kimi asılılıq yaradan bir içkidir. Ona görə də miqdarı aşmamaq lazımdır.
Adətən bizim insanlar axşamlar yemək yeyən kimi dərhal yatmağa üz
tuturlar. Reflüks problemi olan şəxslərdə isə bu ümumiyyətlə,
yolverilməzdir. Çünki şaquli vəziyyətdə olanda qidanın geri qayıtma halı
heç olmasa bir qədər əngəllənir. Amma yataqda, üfüqi vəziyyətdə
uzandıqda bu dərhal baş verir. Geri qayıdan qidanın bir hissəsi
traxeyaya atılır və hətta astmatik xəstələrdə tutmalar baş verir.
Xəstənin boğulması, səsin bir az xırıltılı olması reflüksün
əlamətlərindən biridir".
Mütəxəssis yemək yeyəndən yalnız 3 saat sonra uzanmağı, yatmağı tövsiyə
edib: "Bu arada su içilə bilər. Çay içilməsi və ya meyvə yeyilməsi də
doğru deyil. Reflüksün yaranmaması üçün gün ərzində hər on beş dəqiqədən
bir su içmək tövsiyə edilir".
A.Yusifova deyib ki, stresslə mübarizə aparmağın əsas yolu düşüncənin
dəyişməsidir: "Qaydalara görə, davranışını dəyişmək istəyirsənsə, öncə
düşüncəni dəyişməlisən. Çünki düşüncə duyğu yaradır. Düşüncə dəyişmirsə,
aparılan müalicələrin də elə bir əhəmiyyəti olmur. Xəstənin düşüncəsi
eyni qalacaqsa, bizim dərman müalicəmiz bitəndən sonra yenidən eyni
durumla üzləşəcək. Təbii ki, heç bir halda stressiz yaşamaq mümkün
deyil. Amma stressə qarşı, stress situasiyasında alternativ düşüncə
yaradaraq vəziyyətdən uğurla çıxmaq mümkündür".