Əllərinizin xəbərdarlığına laqeyd qalmayın
FAYDALI MƏSLƏHƏT
Əllərdə baş verən dəyişikliklərlə bağlı tez-tez "əllərim buz kimidir",
"ovcumun içi yanır" və bunlara oxşar ifadələr eşidirik. Əllərdə baş
verən bu və digər hallar sağlamlıqda yaranan problemlər haqqında öz
sahibinə xəbərdarlıq edir.
İlin fəsillərindən asılı olmayaraq, əgər
əlləriniz həmişə soyuq olursa bu qan dövranındakı problemlərdən xəbər
verir. Soyuq əllər anemiya, qanda hemoqlobinin səviyyəsinin aşağı
olmasının da əlaməti ola bilər. Oturaq həyat tərzi sürən insanlarda bu
hal daha tez-tez müşahidə olunur. Əllərinizdə daim istilik hiss
edirsinizsə, ovcunuzun içi yanırsa bu qaraciyərin fəaliyyətindəki
problemlərə işarədir. Bu hal onu göstərir ki, qaraciyər öz funksiyasını
normal yerinə yetirə bilmir. Həmçinin ovucun qırmızı rəngdə olması da
qaraciyər xəstəliklərindən, bu orqanın zədələnməsindən xəbər verir.
Əllər tez-tez tərləyirsə, ovucun içi nəm olursa bu qalxanabənzər vəzdə
problemlərin olmasını göstərir. Əl barmaqlarının ucları tünd qırmızı və
ya bənövşəyi rəngə çalırsa bu həzm sistemində olan problemlərə işarədir.
Əllərinizin içində sarımtıl rəng yaranırsa demək öd kisəsinin
fəaliyyətində nasazlıq var. Əl barmaqlarının arasında qaşınma, dərinin
qabıq verməsi göbələk xəstəliyinin əlamətidir və bu hal mövcud olarsa
təcili dəri həkiminə müraciət etmək mütləqdir. Çünki bu digər infeksion
xəstəliklərin əlamətlərinin də göstəricisidir. Barmaqların və əllərin
tez-tez keyiməsi ləngimədən kardioloqa müraciət etməyə əsas verir. Belə
keyimələr ürək damar sistemində hər şeyin qaydasında olmadığına
xəbərdarlıqdır. Baş barmaqların keyiməsi isə tənəffüs sistemində
yaranmış problemlərə işarədir. Əllərinizin xəbərdarlığına laqeyd
qalmayın. Vaxtında həkimə müraciət edin ki, sağlamlığınız əllərinizin
təbii hərarətini özünə qaytarsın./modern.az