Xəzər Xəbər

Bəzi rayonlar ağ örpəyə bürünüb VİDEO

Veb TV | 23:20 • 1 Aprel 2023
Bəzi rayonlar ağ örpəyə bürünüb

Ötən gecədən başlayaraq Azərbaycanın dağlıq rayonlarına qar yağıb. Bəzi ərazilərdə qarın qalınlığı 20 sm -ə qədər çatıb. Şuşada qardan sonra yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

Xezerxeber.az-ın məlumatına görə, temperaturun aşağı düşməsi dağ yollarının bəzi yerlərində buzlamaya səbəb olub.

Daşkəsənə də yağan qarın qalınlığı rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb. 

Şimal-qərb bölgəsində isə  3 dərəcə şaxta qeydə alınıb. Zaqatalanın Car, Meşleş, Sabunçu və digər dağ kəndələrinə təqribən 5-6 sm qar düşüb. 

Qax rayonunun Sarıbaş kəndinə yağan qarın hündürlüyü 7 sm olub.  

Qəbələdə də gecə saatlarından güclü qar yağışı müşahidə olunub. Qar rayon mərkəzində 8-15 sm, dağlıq və dağətəyi ərazilərdə isə 20 sm-dən artıq olub. 

Oğuzun Filfilli, Xaçmaz, Xal-Xal, Baş Daşağıl və digər kəndlərdə hazırda qarın qalınlığı 10-15- sm-dir. 

Qubanın Əlik, Aydınkənd və digər dagətəyi kəndləri qarın daha çox yagdığı ərazilərdir. Vətəndaşlar qarın onlara problem yaratmadığını bildiriblər.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 1-nə olan məlumatına əsasən, ümumilikdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, arabir intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti