Xəzər Xəbər

Bakıda alpinist binalardan 2 milyonluq oğurluq etdi VİDEO

Veb TV | 20:10 • 20 May 2021
Bakıda alpinist binalardan 2 milyonluq oğurluq etdi

Bakıda çoxmərtəbəli binalardan qeyri-adi üsulla oğurluq edən şəxslər saxlanıb. Məlum olub ki, 2 nəfər eyni üsulla müxtəlif mənzillərdən 2 milyon manata yaxın oğurluq ediblər. Hətta dəstə üzvlərindən biri xaricdə alpinist kursları keçib və oğurluqları da alpinist üsulları ilə binaların damından mənzillərə daxil olaraq həyata keçirib. Həmin şəxslər artıq saxlanıb. 

Bakıda çoxmərtəbəli binaların mənzillərindən 2 milyon manata yaxın oğurluq olub. Oğurluğu həyata keçirən şəxslərdən biri vaxtilə xarici ölkələrin birində alpinist kurslarında iştirak edib. Həmin şəxs dəfələrlə mənzillərə alpinist üsulları ilə daxil olaraq oğurluq edib.

Hadisənin üstünü Xətai Polisi açıb. Rayon ərazisində çoxmərtəbəli binalardan birinin mənzilindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Polis cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Cavid Süleymanov və Əhməd Əhmədovu maddi sübutlarla birgə saxlayıb.

Müəyyən edilib ki, onlar bir müddətdir paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla çoxmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər. Cavid Süleymanovun əvvəllər xarici ölkələrdən birində alpinist kurslarında iştirak etdiyi üzə çıxıb. O, bütün binalarda oğurluq hərəkətlərini həmin kurslarda öyrəndiyi vərdişlər sayəsində etdiyini etiraf edib

Saxlanan zaman onun üzərindən içərisində 2500-dən çox binanın şəkili olan fotoaparat da aşkar edilib. Cavid Süleymanov oğurluqda əldə etdiyi qızıl zinət əşyalarını əritdiyini deyib. 

Onun yaşadığı evdən 5 ədəd qaz balonu, 2 ədəd radio vasitə, alətlər, alpinist fəaliyyəti ilə bağlı olan xeyli sayda kəndir aşkar olunub. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində daxil olduğunu bildirib

Onunla eyni vaxtda salxlanan Əhməd Əhmədov isə oğurluq anında ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

 

Xəbər lenti