Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanmış təhlükəli sursatların sərgisi təşkil olunub video

Veb TV | 19:29 • 6 May 2021
İşğaldan azad olunmuş ərazilərdə aşkarlanmış təhlükəli sursatların sərgisi təşkil olunub

Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış təhlükəli sursatlar- minalar, qumbaralar, həmçinin zirehli qoruyucu geyim və mina dedektivinin sərgisi təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, sərgi haqqında ANAMA-nın təlim və keyfiyyətə təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov məlumat verib.

O qeyd edib ki, sərgilənən tank və piyada əleyhinə minalar, əl və silah qumbaralarıdır. O, Qarabağda daha çox aşkarlanan Ermənistan istehsalı olan partlayıcılar barədə də məlumat verib.

Musa Məmmədov qeyd edib ki, onların əksəriyyəti öldürücü gücə malikdir. Ona görə də vətəndaşlar diqqətli olmalı, işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməməlidirlər.

Bildirilib ki, xüsusilə tank əleyhinə minalar ərazilərə xüsusi hiyləgərliklərlə yerləşdirilib.

Sərgidə minatəmizləmə əməliyyatlarında istifadə edilən müasir dedektorların göstəricilərinə də diqqət çəkilib.

Qeyd edək ki, ötən il noyabrın 10-dan indiyədək ANAMA tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılmış əməliyyatlar zamanı 2051 hektar ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib,18 min 648 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti