Xəzər Xəbər

Bazar, yoxsa yarmarka? VİDEO

Əməkdaşlarımız məhsulların qiymətlərini müqayisə ediblər.
Veb TV | 21:40 • 20 Fevral 2021
Bazar, yoxsa yarmarka?

Bu gün çəkiliş qrupumuz həftəsonu yarmarkası və paytaxtdakı bazarların birində olublar. Əməkdaşlarımız məhsulların qiymətlərini müqayisə ediblər. Ortada müəyyən fəqrlər var.

Meyvə, tərəvəz, bal və müxtəlif növ çərəzlər...

Həftəsonu yarmarkasında məhsul bolluğu yaşanır. Qiymətlər də müxtəlifdir. Paytaxtın 3 nöqtəsində fəaliyyət göstərən "Kənddən şəhərə" yarmarkasında kartofun 1 kiloqramı 80 qəpiyə, soğanın 1 kiloqramı 90 qəpiyə, Salyan pomidoru 1 manat 80 qəpiyə, Göyçay və Qazax  pomidorunun 1 kiloqramı isə 2 manata təklif olunur. Xiyarın 1 kiloqramı isə 3 manat 30 qəpikdir. Almanın 1 kiloqramının qiyməti 90 qəpik və 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpik, yerli mandarin 1 manat 50 qəpik-2 manat arasında təklif olunur. Kənd yumurtasının biri 25 qəpiyə satılır. Qoz ləpəsinin kiloqramı 10-17 manat, fındıq ləpəsinin kiloqramı isə 14-16 manat arasında dəyişir. Ancaq bu qiymətlər heç də hamını razı salmır.

Müqayisə üçün paytaxtın "8-ci kilometr" bazarında da olduq. Burada da əksər qiymətlər yarmarkadakına yaxın olsa da, bəzi məhsulların qiymətində fərqlər gözə çarpır. Bazarda yerli kartofun 1 kq-ının qiyməti 1 manatdan başlayır. Amma qiymət məhsulun növünə görə də dəyişir. Soğanın kiloqramı isə 80 qəpikdən satılır. Xaricdən gətirilmiş xiyar 3 manata, yerli xiyar isə 4 manat 50 qəpiyə təklif olunur. Qazax pomidorunun kiloqramını 1 manat, Zirə pomidoru isə 2 manat 50 qəpiyə almaq mümkündür. "8-ci kilometr" bazarında almanın 1 kiloqramının qiyməti 50 qəpik-1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpiyə, yerli mandarinin kiloqramı 1 manat 80 qəpik-2 manata satılır. Kənd yumurtasının bir ədədi isə 23 qəpikdir. Qoz ləpəsinin kiloqramı 10-15 manat arasında dəyişir.

Qeyd edək ki, "Kənddən şəhərə" yarmarkaları karantin qaydaları sərtləşdirilməsə, yalnız həftəsonları olmaqla müntəzəm şəkildə fəaliyyət göstərəcək.

Xəbər lenti