Xəzər Xəbər

Meşə fonduna məxsus torpaqlar sahibkarlara icarəyə veriləcək - VİDEO

Veb TV | 20:06 • 22 Fevral 2019
Meşə fonduna məxsus torpaqlar sahibkarlara icarəyə veriləcək -

Meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün torpaqların sahibkarlara uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur.


Xezerxeber.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.


S.Salmanovun sözlərinə görə, bununla bağlı ETSN tərəfindən təkliflər paketi hazırlanıb, həmin paketlər sahibkarlara təqdim ediləcək. Təkliflər paketində hər bir regionda bitkinin bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyə olunduğu göstərilib. Sahibkarlardan sadəcə həmin ərazilərdə meyvə bağların salınması üçün sərmayə qoyulması təklif olunacaq.


Mütəxəssislər tərəfindən ağaclara qulluq haqqında da məlumatlar veriləcək.


Sektor müdiri bildirib ki, Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq. Nazirlik rəsmisi qeyd edib ki, aqrobağların salınması işlərinə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqrobağ salınıb.


S.Salmanov deyib ki, 2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqrobağların salınması nəzərdə tutulur. Aqrobağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftal, gülüş, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağaclar əkilir və bu işlər davam etdiriləcək.


S.Salmanov həmçinin deyib ki, Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur.

S.Salmanovun sözlərinə görə, yeni hazırlanan Milli Meşə Proqramının (MMP) məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı meşələrin dayanıqlı istifadəsi üzrə dünyada tətbiq olunan doqquz meyar əsas götürülüb.

Sektor müdiri qeyd edib ki, Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur. Proqram hər biri 5 il olmaqla, 2 mərhələdə həyata keçiriləcək.

S.Salmanov əlavə edib ki, Milli Meşə Proqramının icrası nəticəsində meşələrin idarə edilməsi üzrə müvafiq institusional potensialın və mexanizmlərin yaradılmasına yardım etmək, ölkəmizin meşələrinin qorunması və dayanıqlı idarə edilməsi məqsədilə strategiyalar işləyib hazırlanmasını və onların təkmilləşdirilməsini təmin etmək nəzərdə tutulur.

Eyni zamanda meşə ehtiyatlarının bərpasını və onlardan funksional istifadənin idarə edilməsini möhkəmləndirmək, həmçinin meşə resurslarından asılı olan kənd əhalisinin yaşayış səviyyəsini yüksəltmək, meşəçilik fəaliyyətlərinə milli və beynəlxalq maliyyə dəstəyinin artırılmasına töhfə vermək kimi məqsədlərə nail olmaq da proqrama daxildir.


Xəbər lenti