Xəzər Xəbər

Prezidentin köməkçisindən SƏRT SÖZLƏR: “Azərbaycanı söyməklə, Vətəninizə qarşı savaş açmaqla...” - VİDEO

Veb TV | 19:14 • 21 Mart 2018
Prezidentin köməkçisindən SƏRT SÖZLƏR:

Azərbaycanı söyməklə öz komfortlu yaşayışını təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq vətəninə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir. Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə xaricindəki bəzi şəxslərin dırnağarası siyasi mübarizə adı altında hər cür mənəvi və əxlaqi dəyərləri tapdalayan üslubunu şərh edərkən belə deyib.

Bununla bağlı sosial şəbəkədəki şəxsi hesabından geniş açıqlama verən prezidentin köməkçisi Əli Həsənov bildirib ki, həmin şəxslərə milli və əxlaqi dəyərlərə hörmətlə bağlı çağırışlara məhəl qoymaması onların səviyyəsindən xəbər verir.

"Bu gün dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin "insanlar" nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər”.

Əli Həsənov bildribi ki, insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir.

"Bu gün öz "siyasi mübarizəsini" söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrini mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, "trollar", "məqsədli təhqir" və s. Bu kimi ifadələr ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm”.

Əli Həsənov bildirib ki, müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan həmin şəxslər Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər.

 

" Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir. Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar.Düşünürəm ki, məskunlaşdıqları ölkələrdə digər çoxminli soydaşlarımızdan nümunə götürərək, bu insanlar öz həyatlarını qanunlar və əxlaq normaları çərçivəsində qursalar, Azərbaycandakı qohum-əqrabaları da onlara görə utanmaz, əksinə, qürur duyarlar”.

 

Prezidentin köməkçisi bir daha bəyan edib ki, onun cavabdeh olduğu sahədə çalışan şəxslər heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyib. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu ğün də buna hazırıq. Əli Həsənov belə deyib.


Xəbər lenti