Xəzər Xəbər

Stratosferin sərhədinə uçacaq pilotsuz aparatlar hazırlanacaq

Texnologiya | 16:29 • 28 Avqust 2019
Stratosferin sərhədinə uçacaq pilotsuz aparatlar hazırlanacaq

Dünyanın ən böyük aerokosmik şirkətləri – "Boeing” və "Airbus”, habelə Yaponiyanın "SoftBank Group” konqlomeratı stratosferin sərhədinə uçacaq pilotsuz aparatlar hazırlamaq niyyətindədirlər. AZƏRTAC "The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, bu aparatların əsas aerokosmik özəlliyi aylarla fasiləsiz uçuşu davam etdirmələri və 25 kilometr yüksəklikdən dayanıqlı internet əlaqəsini təmin etmələri olacaq.


Qəzetin məlumatında bildirilir ki, bu yaxınlarda "Airbus” şirkətinin mühəndislərinin hazırladıqları bu cür aparatın sınaqları uğursuz olub. Belə ki, Avstraliyanın şimalında keçirilən sınaqlarda qanadları 24 metr olan, günəş batareyaları və elektrik mühərrikləri ilə təchiz edilmiş "Zephyr S” markalı pilotsuz aparat tufan cəbhəsi ilə qarşılaşaraq lazım olan yüksəkliyə qalxa bilməyib. Həmin aparatın yeni sınaqları bu ilin sonunda keçiriləcək.


"Odysseus” adlanacaq digər yeni aparat isə "Boeing”in törəmə şirkəti olan "Aurora Flight Sciences” tərəfindən hazırlanır. Onun sınaq uçuşu bu ilin yazında keçirilməli idi, lakin şirkətin nümayəndəsi eksperimentin necə keçdiyini şərh etməkdən imtina edərək vurğulayıb ki, pilotsuz aparatın üzərində işlər davam edir.


Yaponiyanın "SoftBank Group” konqlomeratı isə "Hawk-30” pilotu üzərində işləyir. Onun qanadlarının uzunluğu 76 metr olacaq və uçuş sınaqları Havay adaları üzərində stratosferdə keçiriləcək. Bu aparatı gələcəkdə Afrikanın ucqar bölgələrini internet əlaqəsi ilə təmin etmək üçün "Alphabet” korporasiyasının yüksəkdə uçan aerostatı ilə də birləşdirə bilərlər.


"The Wall Street Journal” nəşri ekspertlərin rəylərinə əsasən qeyd edir ki, bu onilliyin sonunadək stratosfer pilotsuz aparatlarının və yüksəkdə uçan aerostatların istismarı şirkətlərə 1,7 milyard dollar gəlir gətirə bilər.

Xəbər lenti