Xəzər Xəbər

“Günbəzli hamam”ın bərpası mart ayında tamamlanacaq - FOTO

Region | 11:47 • 10 Fevral 2018
“Günbəzli hamam”ın bərpası mart ayında tamamlanacaq -

Quba şəhərindəki XVIII-XIX əsrlərə aid "Günbəzli hamam” tarixi abidəsinin bərpası mart ayında yekunlaşacaq. Qədim tikilidə rekonstruksiya işlərinin 90 faizi yekunlaşıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.


Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.


İş icraçısı İsrail Cabbarov bildirib ki, tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Qədim tikilinin fasadının və dam örtüyünün yenilənməsi işi artıq yekunlaşıb. Hazırda tarixi abidənin daxilində son tamamlama işləri aparılır, elektrik və su təchizatı yenilənir.


Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq.


İki günbəz və 9 hücrədən ibarət "Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla, iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.


Qeyd edək ki, 1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

Xəbər lenti