“Qarabağ” klubunun oyunu ilə əlaqədar noyabrın 3-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən xezerxeber.az-a verilən məlumata görə, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.
Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.