Xəzər Xəbər

Vüqar Bayramovdan dollarla bağlı vacib açıqlama

İqtisadiyyat | 11,111 | 12:37 • 22 Oktyabr 2021
Vüqar Bayramovdan dollarla bağlı vacib açıqlama

"Türkiyə Mərkəzi Bankı uçot stavkasının azaldılması barədə qərar qəbul edib. Qardaş ölkə uçot dərəcəsi 18 faizdən 16 faizə qədər endirib. 1 ay öncə 1 dollar almaq üçün 8.6 lirə ödəmək lazım idisə, indi bu rəqəm 9.55-dək dəyişib. Faktiki olaraq, lirə 1 ay ərzində 10 faizdən çox dəyər itirib. Mərkəzi Bankın son qərarına rəğmən lirə ucuzlaşmaqda davam edir”.

XəzərXəbər bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, lirənin uculaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da siyasi faktorlar da az təsirə malik deyil:
 
"Bu baxımdan, hələlik Mərkəzi Bankın uçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər çox deyil. Türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərmir. Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 faizə yaxını Türkiyə bazarına yönəlib.

Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq.
 
Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Eyni zamanda, Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bizim Türkiyəyə ümumi qeyri-neft ixracatımıza təsir etməyəcək”.
 
V. Bayramovun sözlərinə görə, Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər:

"Nəticə etibarilə güman edilir ki, Türkiyədə inflyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclər də, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər.O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər.

Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktor ölkəyə daxil olan və eləcə də Dövlət Neft Fondu vasitəsi ilə bazara çıxarılan valyutanın həcmi olsa da, əsas ticarət tərəfdaşlarımızda milli valyutaların vəziyyəti də diqqətə alınan amillərdəndir. Doğrudur, bütün bu səbəblər fonunda əsas qərarverici qurum Mərkəzi Bank olaraq qalır. Mərkəzi Bank üzən məzənnə rejiminə keçmədiyi üçün məzənnəyə birbaşa təsir imkanlarını qoruyub saxlayır. Bu baxımdan, növbəti dövrdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Xəbər lenti