Xəzər Xəbər

Qafqazın saatlı bombası

Gündəm | 11:01 • 28 Mart 2014
Qafqazın saatlı bombası

 

Bu gün dünyada ən qabaqcıl texnologiyaya malik ölkələrin də atom elektrik stansiyalarının yarada biləcəyi təhdiddən sığortalanmadığı birmənalı həqiqətdir. Hər halda hələ də acı nəticələri tam aradan qaldırıla bilməyən Yaponiyadakı "Fukusima" atom elektrik stansiyasında yaşananlar da bunu təsdiq edir.

Sözügedən kontekstdə isə Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının (AES) yaratdığı təhdidin nə qədər böyük olması heç kimə sirr deyil və Azərbaycan bu məsələni dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında da qaldırıb. Elə Prezident İlham Əliyev Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitindəki çıxışında da növbəti dəfə bu məsləyə toxundu.

Prezident Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş atom elektrik stansiyasının yaratdığı təhlükədən danışaraq deyib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin atom alektrik stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Məsələnin təəssüf doğuran cəhəti isə odur ki, Azərbaycanın eləcə də regionda yerləşən digər ölkələrin qaldırdığı bu məsələyə hələ də dünya ictimaiyyəti lazımi reaksiya vermir. Halbuki, "Metsamor" atom elektrik stansiyası zaman keçdikcə daha böyük təhlükə mənbəyinə çevrilir. Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov da bu xüsusda çox maraqlı açıqlamalar verib: "Avropada bəzi modern stansiyaların belə təhlükə kimi qəbul edilərək bağlanmasına baxmayaraq bizim regionda ömrü bitmiş və 7 ballıq zəlzələyə məruz qalmış stansiyanın fəaliyyətinə göz yumulur". O, ANS-ə açıqlamasında bildirib ki, əhalinin sıx yaşadığı bir regionda bu cür köhnə stansiyanın fəaliyyətinin nə qədər düzgün olduğu sual altındadır: "Ermənistan fəaliyyət göstərən "Metsamor" atom elektrik stansiyası 70-ci illərin layihəsidir. Bütün lazımi faktorları nəzərə alaraq tikintisi aparılmış bu stansiyanın istismar müddəti 25 ildir. Buna görədə bu reaktorun ömrü 2006-cı ildən yenidən artırılaraq 2016-cı ilə kimi uzadılıb. Bundan da qoca reaktorlar dünya üzrə fəaliyyət göstərir, ancaq ölkə başçısı Haaqadakı sammitdə çox düzgün qeyd etdi ki, bu stansiya seysmik zonada yerləşir. Əhalinin sıx yaşadığı bir regionda istismar müddəti bitmiş reaktorun işləməsinin nə qədər düzgün olduğu sual altındadır. Bu vəziyyət bizi Yaponiyada baş verən Fukusima fəlakəti kimi bir hadisə ilə üz-üzə qoyu-qoymayacağını sığorta etmir".

A.Qəribov fikrincə, stansiyanın yenilənməsinə Ermənistanın iqtisadi gücü imkan vermir və reaktorun ömrünün uzadılmasına çalışılır. Bu isə təhlükəsizlik təminatı vermir: "Reaktorun istismar vaxtının 2 il uzadılması üçün müəyyən rekanstruksiya mərhələsi verilib. Ötən il Beynəlxalq Atom Enerjisi üzrə agentlik tərəfindən bu reaktorun yenidən ekspertizası aparılıb. Mütəxəssislərin fikrincə, bu reaktorun ömrünü uzatmaq mümkündür. Amma şərt qoyulub ki, Ermənistan bu reaktorda lazımi təhlükəsizlik tədbirlərini həyata keçirməlidir. Bu təhlukəsizlik tədbirlərinin qiyməti 25-30 milyon dollardır. Ermənistan dövlətinin isə buna imkanı yoxdur. 9 ballıq seysmik regionda bu cür reaktorun işlənməsi böyük təhlükədir".

İnstitut direktoru həmçinin qeyd edir ki, bu məsələdə qonşu ölkə başçıları da bizim səsimizə səs verməlidirlər. A.Qəribovun fikrincə, beynəlxalq sammitlərdə Azərbaycanın qaldırdığı məsələyə dəstək olunmalıdır, çünki bu tək bizim üçün deyil, qonşu ölkələr üçün də təhlükədir.

İndiki şəraitdə stansiyanın fəaliyyəti ciddi təhdid mənbəyidir. Xatırladaq ki, "Metsamor" AES 1976-cı ildə seysmik zonada tikilib. 1988-ci ilin dekabrında Spitakda baş verən güclü zəlzələdən sonra fəaliyyətini dayandırsa da, ölkədə müşahidə olunan enerji böhranı səbəbindən 1995-ci ildə yenidən işə salınıb. Məlumat üçün bildirək ki, Ermənistan atom elektrik stansiyasında Rusiyada istehsal olunmuş ümumi gücü 815 Meqavat olan "VVGR-440" tipli iki enerji bloku quraşdırılıb. Birinci blok 1976-cı, ikinci - 1980-ci ildə işə salınıb. 1989-cu ildə stansiya müvəqqəti dayandırılıb, 1995-ci ildə ikinci, hal-hazırda işləyən və 404 Meqavat gücü olan, blok yenidən işə salınıb. Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizi atom elektrik stansiyasının payına düşür.

Hazırda "Metsamor" atom elektrik stansiyasının yaratdığı təhlükə təkcə onun köhnə olması və hər an qəzalı vəziyyətlə üzləşəcəyi ilə məhdudlaşmır. Məsələnin daha bir narahatlıq yaradan tərəfi "Metsamor"dan radioaktiv maddələr qaçaqmalçılığıdır. Bu cür radioaktiv maddələrdən isə nüvə silahının hazırlanmasında istifadə olunur.

Bu arada isə Ermənistan hökuməti martın 27-də Energetika Nazirliyinin "Metsamor" atom elektrik stansiyasının istismar müddətinin uzadılması ilə bağlı təklifini qəbul edib. Əvvəl stansiyanın 2016-cı ilə qədər işləyəcəyi ehtimal olunsa da, sonda istismar müddətinin 10 il uzadılması qərara alınıb. Müddətin uzadılması üzrə iş Rusiyanın krediti hesabına maliyyələşəcək.

Ermənistanın Energetika Nazirliyi layihənin dəyərinin 300 milyon dollar təşkil edəcəyini açıqlayıb.

Xəbər lenti